PA rəsmisi gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırdı

PA rəsmisi gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırdı
  19 Dekabr 2017    Oxunub:2104
““Gənclər evləri”nin inkişaf etdirilməsi və onların öz təyinatına uyğun olaraq gənclərə keyfiyyətli sosial xidmətin göstərməsi bizim üçün prioritet mövzudur”.
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev “Azərbaycan hökuməti ilə birgə BMT-nin Gənclər Evlərinə dair birgə təşəbbüsü” layihəsinin təqdimatında çıxışı zamanı deyib.

PA rəsmisi bildirib ki, “Gənclər evi” sosial xidmət şəbəkəsinin yaradılaraq istifadəyə verilməsi çox önəmli addımdır: “Bu proses ölkənin demək olar ki, bütün regionlarını əhatə edib. Lakin şəbəkənin fəaliyyəti, onun faydalı iş əmsalı mövcud potensialdan xeyli aşağıdır. Regionlarda bir sıra gənc bu evlərin fəaliyyətindən xəbərsizdir. Bu amilləri nəzərə alaraq deməliyik ki, artıq gündəlikdə "Gənclər Evləri"nin effektivliyinin və onların dayanıqlığının təmin olunması dayanır”.

Y. Məmədəliyev vurğulayıb ki, hazırda gənclər təşkilatları tərəfindən layihələrin böyük əksəriyyəti “Gənclər evi”ndə keçirilir: “Bu müsbət haldır. “Gənclər evləri”ndə qeyri-formal təhsil və digər sosial xidmətlərdən əlavə asudə vaxtın keçirilməsi üçün fəaliyyətin olması da önəmlidir. Çünki, region gənclərinin bəzi zərərli vərdişlərin və ya ziyanlı qrupların təsiri altına düşməsi məhz asudə vaxtın təşkili ilə bağlı alternativlərin az olmasından irəli gəlir. Gəncləri zərərli vərdişlər, radikalizm, ekstremizm və bu kimi digər neqativ hallardan qorumaq üçün maarifləndirmə ilə yanaşı, onların asudə vaxtları ilə bağlı tədbirlər həyata keçirmək çox vacibdir. Düşünürəm ki gənclər siyasətində iştirak edən bütün tərəflər “Gənclər evi”nin inkişaf etdirilməsi prosesinə cəlb edilməli və öz töhfəsini verməlidir”.

PA rəsmisi bildirib ki, “Gənclər evi”nin fəaliyyəti canlandırılmalıdır: “Hər regiona xas xüsusiyyətlər, adət-ənənələr nəzərə alınmaqla müvafiq proqramın hazırlanması gənclər evlərinin effektivliyinin artırılmasına xidmət edəcək. Bununla da "Gənclər Evləri" lokal səviyyədə gənclərin problemlərini həll edən və onlara dəstək verən resurs mərkəzi funksiyasını yerinə yetirəcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Gənclər-evi   Yusuf-Məmmədəliyev  





Xəbər lenti