Azərbaycan İslam həmrəyliyi baxımdan dünyaya nümunədir

Azərbaycan İslam həmrəyliyi baxımdan dünyaya nümunədir
  19 Dekabr 2017    Oxunub:1239
Prezident İlham Əliyev 2017-ci ili respublikamızda “İslam Həmrəyliyi İli” elan edərək, ölkəmizdəki İslam həmrəyliyini bir nümunə kimi dünyaya göstərdi.
AzVision.az xəbər verir ki, bu fikir dekabrın 19-da Yevlax şəhərində keçirilən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən regional konfransda səsləndirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, dini işlər üzrə komissiyanın üzvləri, dini icmaların sədrləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş “Şəhadət” sənədli filminə baxıblar.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov çıxış edərək bildirib ki, rayonda dini maarifçilik sahəsində, eləcə də vətəndaşların radikal dini qruplaşmaların, qeyri-ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata meyillənməməsi üçün mütəmadi iş aparılır. Rayonda bu gün dini durum sabitdir.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin dini radikalizmlə mübarizə aparmaq, dindarlar, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi olduğunu deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, müasir dünyada din amilindən başqa məqsədlər üçün də istifadə olunur. İslam dünyasını cəhalətdə saxlamaq, onu inkişafdan geri qoymaq və onun üzərində hegemonluq etmək məqsədilə riyakar iş aparılır. Bunun kökündə kənar qüvvələr tərəfindən İslam dünyasını daxildən parçalamaq, məzhəb, təriqət qarşıdurması yaradaraq onları zəiflətmək dayanır. Bu isə İslam ölkələrində ağır nəticələrə, qarşıdurmalara gətirib çıxarır.

Komitə sədri bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən də danışıb. Bildirib ki, gənclərimizi yad təsirlərdən qorumaq üçün daha savadlı, təhsilli cəmiyyətə nail olmalıyıq. Gənclərin dini maariflənməsinə, dini savadlanmasına xüsusi fikir verilməlidir. Bu işdə ziyalılar, təhsil işçiləri, din xadimləri fəal iştirak etməlidirlər.

Mübariz Qurbanlı ölkəmizdə milli mənəvi dəyərlərə göstərilən yüksək diqqətdən danışarkən deyib: “Dövlət müstəqilliyimiz və dinimiz xüsusi əhəmiyyət daşıyan dəyərlərimizdəndir. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, bizim mənəvi dəyərlərimiz içərisində islami dəyərlərimiz xüsusi yer tutur. Ulu Öndər dövlət müstəqilliyini bizim tarixi nailiyyətimiz, nemətimiz adlandırırdı. Prezident İlham Əliyev də milli mənəvi dəyərlərimizə xüsusi diqqətlə yanaşır. Bu ilin oktyabr ayında dövlətimizin başçısının Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Bu fond vasitəsilə məscidlərin maddi təminatı həyata keçiriləcək. Həmçinin maarifləndirici filmlər çəkiləcək, kitablar nəşr olunacaq, görüşlər, tədbirlər təşkil ediləcək”.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Əli Məmmədov mövzu ilə bağlı çıxış edərək, ölkəmizdə dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinə diqqəti çəkib.

Konfransın ikinci hissəsi “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusuna həsr olunub.

Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova çıxış edərək vurğulayıb ki, dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır. Bu, eyni zamanda, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlətimizin başçısının İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyini göstərir.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır. Tədbirdə DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov təqdimatla çıxış edib.

Konfransda “Azərbaycanlı, yoxsa müsəlman: hansı bizim üçün daha önəmlidir?”, “Dindar olub müasir olmaq mümkündürmü?”, “Dindar gənclik dünyəvi gənclikdən nə ilə fərqlənməlidir?” mövzuları ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının, gənclərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə iştirakçılara Dövlət Komitəsinin nəşr etdirdiyi maarifləndirici kitablar paylanılıb.

AzVision.az


Teqlər: İslam-həmrəyliyi  





Xəbər lenti