Çavuşoğlu prezidentin qəbulunda: “Ölkələrimiz həmişə bir-birinə dəstək verir”

Çavuşoğlu prezidentin qəbulunda: “Ölkələrimiz həmişə bir-birinə dəstək verir”
  20 Dekabr 2017    Oxunub:2159
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzVision.az-ın xəbərinə görə, nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Türkiyəli nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində çoxsaylı qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğuladı. Prezident İlham Əliyevlə ötən görüşünü və bu il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını məmnunluqla xatırlayan Mövlud Çavuşoğlu gələcək illərdə də dövlət başçılarının rəhbərliyi ilə önəmli layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətinə toxunan Mövlud Çavuşoğlu bu görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin həmişə bir-birinə qarşılıqlı dəstək verməsinin və bir-birinin yanında olmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını dedi.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına toxunan dövlətimizin başçısı bunu təkcə regional deyil, beynəlxalq səviyyəli mühüm tədbir kimi dəyərləndirdi.

Görüşdə TANAP layihəsinin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Çavuşoğlu  





Xəbər lenti