İlham Əliyev: “Ölkədə çox ciddi islahatlar aparılır”

İlham Əliyev: “Ölkədə çox ciddi islahatlar aparılır”
  21 Dekabr 2017    Oxunub:2325
“Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür”.

AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrsanda çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, bu gün Avropa da separatizmlə üzləşir: “Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir. Əli silahlı erməni quldur dəstələri soyqırımı törətmişlər, zor gücü ilə torpaqlarımızı işğal etmişlər, günahsız insanları bu torpaqlardan qovmuşlar və bu gün bu torpaqlarda qanunsuz fəaliyyətlə məşğuldurlar. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün bütün imkanlar var və son hadisələr – keçən ilin hadisələri bunu bir daha göstərir. Ölkəmizin ərazi bütövlüyü bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir və dəyərlidir.

Bu böyük və çətin problemə baxmayaraq, ölkəmiz uğurla inkişaf edir. Biz beynəlxalq arenada çox etibarlı tərəfdaşa çevrildik, bir neçə il bundan əvvəl 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu, bizim böyük siyasi qələbəmiz idi. Çünki o vaxt Azərbaycan cəmi 20 il idi ki, müstəqil ölkə kimi yaşayırdı və bu illər ərzində beynəlxalq ictimaiyyətin rəğbətini qazana bilmişdir. Ölkədə çox ciddi iqtisadi islahatlar aparılır”.

Prezident bildirib ki, iqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir: “İqtisadiyyatımız, ümumi daxili məhsul 3 dəfədən çox artmışdır. Biz, eyni zamanda, çox ciddi sosial siyasət aparırıq və bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan kapitalına böyük sərmayə qoyulur. Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir, 12 min kilometr yol inşa edilmişdir və digər lazımi sosial infrastruktur yaradılır. Beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Sadəcə bir rəqəmi demək kifayətdir ki, bu barədə təsəvvür olsun: Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Yəni, bu, çox böyük göstəricidir və biz bu göstəriciyə enerji resursları hesabına çatmamışıq.

Əlbəttə ki, Azərbaycanın zəngin enerji resursları var və bu resurslardan biz səmərəli şəkildə istifadə edirik. Amma ölkələrin rəqabətqabiliyyətliliyi digər parametrlər üzərində hesablanır və bu göstərici bizi dünya miqyasında 35 ən rəqabətqabiliyyətli iqtisadiyyatlar arasına daxil edir. Məndə və bilirəm ki, cəmiyyətdə ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün reallaşan nəhəng enerji layihələri, 40 milyard dollar dəyəri olan “Cənub Qaz Dəhlizi” və bizim digər layihələrimiz ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək”.

Dövlət başçısı deyib ki, Azərbaycan bölgədə çox önəmli nəqliyyat mərkəzinə çevrilir. İki ay bundan əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu qitələri - Asiyanı Avropa ilə ən qısa yolla birləşdirdi:

“Hazırda biz “Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində işləyirik. Bu istiqamətdə də çox önəmli nəticələr var. Biz ilin sonuna qədər növbəti nəticələri gözləyirik ki, qısa müddətdə – bəlkə də iki-üç il ərzində bu yolu da biz qonşu ölkələrlə birlikdə istifadəyə verək. Beləliklə, bundan sonra həm Şərqdən Qərbə və əks istiqamətə, həm də Şimaldan Cənuba və əks istiqamətə dəmir yolları Azərbaycan ərazisindən keçəcəkdir. Bu, bizə əlavə iqtisadi mənfəət və əlbəttə ki, siyasi dividendlər gətirəcək. Bu, regional əməkdaşlığa da çox ciddi müsbət təsir göstərəcək. Eyni zamanda, əminəm ki, bu, bizim bugünkü konfransımızın burada yazılan mövzusuna da öz müsbət təsirini göstərəcək. Çünki millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün hesab edirəm ki, sadəcə olaraq, söz danışmaq kifayət deyil. Konkret layihələr, konkret maraqlar olmalıdır, maraqların uzlaşması, balansı və qarşılıqlı asılılıq olmalıdır. Bizim regionda icra etdiyimiz layihələr bu qarşılıqlı maraqları təmin edir.

Əlbəttə ki, bütün bu nailiyyətləri biz qonşularımızla birlikdə əldə etmişik. Tranzit olmaq istəyən hər bir ölkə gərək öz qonşuları ilə yaxın münasibətlər qursun. Bizdə də bu, belədir. Biz qonşularımızla çox sıx əlaqələr qurmuşuq. Əlbəttə ki, bu, regional təhlükəsizliyə və sabitliyə də öz müsbət təsirini göstərir. Bir sözlə, əziz dostlar, mən hesab edirəm ki, Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb. Biz bundan sonra da bu yolla gedəcəyik”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti