Ruhaninin Bakıda müraciəti oxundu: "ABŞ intriqa yaratmaq istəyir"

Ruhaninin Bakıda müraciəti oxundu: "ABŞ intriqa yaratmaq istəyir"
  22 Dekabr 2017    Oxunub:1937
Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin müraciəti oxunub.
AzVision.az xəbər verir ki, müraciətdə deyilir:

- İran İslam Respublikası Azərbaycan Respublikasının möhtərəm Prezidenti tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini müsbət qarşılayaraq dəstəklədi. İran bu təşəbbüs çərçivəsində beynəlxalq konfrans və toplantılardan birinin cari ilin avqustunda Tehranda keçirilməsini təşkil etdi. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizdən çoxlu sayda idmançının iştirak etməsi bu təşəbbüsü dəstəkləməyimizin başqa bir göstəricisidir.

İslam dini məhəbbət, rəhmət, mehribanlıq və insansevərlik dinidir. Müqəddəs İslam dininin mesajı bütün insanlara qarşı sevgi və məhəbbət mesajıdır. Allah İslam peyğəmbərini bütün aləmlərə rəhmət olaraq göndərib. Digər tərəfdən, “Qurani-Kərim”in nurlu ayələri, Məhəmməd Peyğəmbərin kəramətli təlimləri və imamların dəyərli tövsiyələri müsəlmanlar arasında birliyin qorunmasına və hər növ təfriqədən uzaq olmağa təkid edir. Biz İslam ölkələri dinin bu vacib əmrini yerinə yetirməkdə böyük məsuliyyət daşıyırıq. Təəssüf ki, dünyanın hazırkı siyasi şəraitində müsəlmanlar arasında birliyin böyük maneələrlə üzləşdiyinin şahidiyik. Bu maneələrin böyük hissəsi müsəlmanlar arasında vəhdətin yaranmasını özlərinin siyasi mənafeyi əleyhinə hesab edən düşmənlərin bədxah niyyətlərinin nəticəsidir. Bunun bir hissəsi də İslam ümməti arasında yaranan ixtilaflara və ayrı-ayrı qruplara bölünməyə aiddir.

Biz inanırıq ki, əgər müsəlmanlar bir-birinin yanında olsalar, dünya gücləri heç vaxt müsəlmanların elit qibləsinə əl uzatmağa cəsarət etməzlər. Əgər İslam ölkələri və xalqları vəhdət və qardaşlıq səmtinə yönəlsələr, İslam torpağına qarşı bu qədər təcavüzün və müsəlmanların didərgin düşmələrinin şahidi olmarıq. Bu, cənab Prezidentin də qeyd etdiyi çox gözəl bir məqamdır. İslam ölkələrinin ərazi bütövlüyü məsələsində bu, çox önəmli bir məsələdir. Əgər müsəlmanlar dinin həqiqi təlimlərini dünyaya tanıtdırsalar, İŞİD və digər radikal terrorçu qruplar heç vaxt özlərini dünyaya İslam dininin carçıları kimi təqdim etməyə və gəncləri azdırmağa imkan tapmazlar. Bu qruplar İslam dininə etiqad etmirlər. Çünki onları İslam ümmətinin düşmənləri olan bəzi qüvvələr yaradırlar. Bu qrupların fəaliyyəti ixtilaflara, münaqişələrə, dağıntılara və İslam dininin gözdən salınmasına səbəb olub.

İndi artıq hamıya bəlli olmalıdır ki, ABŞ İslam ölkələri arasında ixtilaf və intriqa yaratmaq niyyətindədir və sionist rejimin qeyri-qanuni mənafeyini təmin etməkdən başqa məqsədi yoxdur. Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi barədə qərarı, eləcə də BMT Təhlükəsizlik Şurasının son iclasındakı səsverməyə veto qoyması Birləşmiş Ştatların anti-islam və anti-Fələstin siyasətinin bariz nümunələrindəndir. Xoşbəxtlikdən keçən həftə İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə Zirvə toplantısı İslam ölkələrinin ABŞ-ın qəbul etdiyi bu qərara qarşı açıq-aydın və qətiyyətli mövqeyini, eləcə də Fələstin amalına qəti dəstəklərini nümayiş etdirdi. Bunun özü də məzlum Fələstin xalqı üçün aydın gələcəyin müjdəsini verir.

Cənab Prezident, hörmətli konfrans iştirakçıları.

ABŞ və sionistlər Fələstin məsələsinin İslam dünyasında bir nömrəli məsələ kimi gündəmdə qalmasını istəmirlər. İslam ölkələri arasında ixtilaf və təfriqə yaradan mövzuların gündəmə gətirilməsi Fələstin məsələsinin unutdurulması məqsədini daşıyır. Biz heç vaxt İslam düşmənlərinin bu planlarının müsbət nəticələnməsinə icazə verməməliyik. Buna görə də hamımız Fələstinin və Fələstin xalqının müdafiəsi məsələsini özlərinin qanuni hüquqlarını bərpa edənə, yəni Qüdsün paytaxtlığı ilə bütün Fələstin torpaqlarında müstəqil Fələstin dövlətinin təşkil olunmasına qədər özümüzün əsas vəzifəmiz hesab etməliyik.

Bu gün birlik və vəhdət müsəlmanların ən şəfaverici dərmanı və dərdlərinin məlhəmidir. Təfriqə və ayrılıq isə daim İslam ümmətinə böyük zərbələr vurmuşdur. Əgər İslam ölkələri birlikdə olsalar və bir-birini əzmək əvəzinə bir-birinə dəstək versələr, İslama düşmən olan qüvvələrə müraciət etməyə ehtiyac qalmayacaq.

İran İslam Respublikası özünün prinsipial siyasətinin davamı olaraq, müsəlmanlar arasında birliyin qurulması və İslam qardaşlığının gücləndirilməsi yolunda əlindən gələni əsirgəməyəcək. İslam ümməti böyük siyasi, mədəni və iqtisadi potensiala malikdir. Bu birlik sayəsində bu potensialdan İslam ümmətinin rifahı və əmin-amanlığı üçün istifadə etmək vacibdir.

“İslam Həmrəyliyi İli”nə həsr olunmuş sonuncu tədbir müsəlmanların birliyini düşünən insanların bu maneələrin patologiyasını öyrənmək və İslam ölkələri arasında vəhdətin və əməkdaşlığın daha da güclənməsi üçün yeni həll yolları təqdim etmək baxımından yaxşı fürsətdir.

AzVision.az


Teqlər: İran   Ruhani   Bakı   Konfrans  





Xəbər lenti