“Bu, bizim ən böyük problemimizdir...” - Siyavuş Novruzov

“Bu, bizim ən böyük problemimizdir...” - Siyavuş Novruzov
  22 Dekabr 2017    Oxunub:1128
“Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistanın təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur” .
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır: “Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənib, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunub”.

YAP rəsmisi əlavə edib: “Prezident İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin olunmasına şərait yaradır. Bu gün əminliklə demək olar ki, yaradıcısı ümummilli lider olan YAP-ın fəaliyyətində Heydər Əliyevin ideya və arzuları ən ali səviyyədə həyata keçirilir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Siyavuş-Novruzov  





Xəbər lenti