Yeni agentliyin məqsədi və fəaliyyət istiqamətləri - DETALLAR

Yeni agentliyin məqsədi və fəaliyyət istiqamətləri - DETALLAR
  23 Dekabr 2017    Oxunub:2206
Prezident İlham Əliyev dekabrın 22-də “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.

Agentliyin fəaliyyətinin məqsədi:

Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.

Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak edir;

2. qüvvədə olan qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə müvafiq sahədə əməl edilməsinə nəzarəti həyata keçirir;

3. müvafiq sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə müvafiq normalara uyğun tədbirlər görülməsinə nəzarəti həyata keçirir;

4. müvafiq sahədə investisiya mühitinin əlverişliliyinin artırılması, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin sahələrə investisiya cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını təmin edir;

5. müvafiq sahədə istehsalçılar, təchizatçılar, ötürücülər, paylayıcılar və istehlakçılar arasında mübahisələrə baxır;

6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparır;

7. müvafiq sahədə qiymət (tarif) siyasətinin formalaşdırılması ilə bağlı təkliflər verir;

8. müvafiq sahədə sağlam rəqabət mühitinin yaradılması və enerji istehsalının səmərəliliyinin artırılması üçün tədbirlər görür.

Qeyd edək ki, agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlik həyata keçirir.

AzVision.az


Teqlər: Fərman   Agentlik  





Xəbər lenti