Dövlət başçıları İlham Əliyevi təbrik etdilər - Yenilənib

Dövlət başçıları İlham Əliyevi təbrik etdilər -
 Yenilənib
  24 Dekabr 2017    Oxunub:4138
Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə bir sıra ölkə başçıları təbrik edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.

Ümidvaram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm".

***

Ukrayna Prezidenti Petro Poroşenkonun təbrik məktubu:

- Zati-aliləri.

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Aramızda qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirirəm. Əminəm ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək.

Qəti əminəm ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi və dost Azərbaycan xalqının səadəti uğrunda dövlət başçısı vəzifəsində fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubu:

- Möhtərəm İlham Heydər oğlu.

Zati-aliləri mübarək doğum gününüz münasibətilə Sizi bütün özbək xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan sonsuz məmnunluq hissi duyuram.

Özbəkistanda Sizin möhtərəm atanız – görkəmli dövlət xadimi, müstəqil və suveren Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyev böyük hörmətlə xatırlanır. Özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində bu Ulu İnsanın töhfəsi hər zaman minnətdarlıq hissi ilə qeyd olunur.

Biz Sizi haqlı olaraq atanızın başladığı böyük işlərin layiqli davamçısı, ölkənizdə və beynəlxalq aləmdə böyük nüfuza malik təcrübəli siyasi xadim, Özbəkistanın ən yaxın dostu hesab edirik.

Azərbaycan Respublikasının daxili və xarici siyasətində əldə edilən bütün nailiyyətlərin Sizin adınızla və uzaqgörən müdrik siyasətinizlə bağlı olduğunu və həqiqətən dünya miqyasında tanındığını xüsusi vurğulamaq istəyirəm.

Əzəldən dili və dini, dəyərləri və ənənələri, mədəniyyəti ümumi olan Özbəkistan ilə Azərbaycanı səmimi qonşuluq, dostluq, qarşılıqlı hörmət, etibar, səmimilik və bir-birini dəstəkləmə prinsipinə əsaslanan qardaşlıq əlaqələri və birgə həyata keçirilən səylər birləşdirir.

Son zamanlar dövlətlərimiz arasındakı münasibətlərin praktik cəhətdən yeni məzmuna malik olub daha da inkişaf etməsi bizi sevindirir.

Xüsusilə, cari ildə Sizinlə dəfələrlə keçirilən səmimi görüşlərimiz Özbəkistan-Azərbaycan münasibətlərinin genişlənməsi üçün səmərəli zəmin yaratmışdır.

Qarşılıqlı əməkdaşlıq sahəsində olduqca böyük imkanların mövcudluğunu etiraf edərək, gələcəkdə bütün istiqamətlərdə əlaqələrimizin genişləndirilməsi dost ölkələrimizin mənafelərinə tam uyğundur.

Əminəm ki, gələcək yüksək səviyyəli görüşlərimiz dostluq münasibətlərimizi daha da intensivləşdirəcək, yüksək keyfiyyət səviyyəsinə çatdırılmasına, qarşılıqlı əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə, ailə üzvlərinizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram.

***

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin təbrik məktubu:

-Zati-aliləri.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu ilin oktyabr ayında Azərbaycan Respublikasına rəsmi səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə və əldə olunan nailiyyətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək. Çünki bu münasibətlərin möhkəm təməlində xalqlarımız arasındakı dostluq münasibətləri dayanır.

Sizin 2018-ci ildə Bolqarıstana səfərinizi arzu edirəm.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı çatdırıram.

***

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən təbrik:

-Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ailənizə və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Fürsətdən istifadə edərək, səmimiyyətə, qarşılıqlı hörmətə və inama, hüquq bərabərliyinə söykənən və dostluq xarakteri daşıyan əlaqələrimizin möhkəmləndirilməsinə verdiyiniz şəxsi töhfələrinizin əhəmiyyətini vurğulamaq istərdim. Həmçinin ölkələrimiz arasında mövcud olan, uzun illər ərzində uğurlu nəticələr verən əməkdaşlıq da böyük əhəmiyyət daşıyır. Serbiya ali səviyyədə qurulmuş dialoqu yüksək qiymətləndirir, Münxendə və İstanbulda keçirilmiş müxtəlif beynəlxalq forumlar çərçivəsində görüşlər və qarşılıqlı səfərlər isə ölkələrimiz arasındakı əməkdaşlığa güclü töhfə verib və verməkdə davam edir.

Zati-aliləri, Sizə Azərbaycan Respublikasının rifahı, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı bildirirəm.

***

Ad günü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir.

Tacikistan prezidenti Emoməli Rəhmon, Moldova prezidenti İqor Dodon, Monteneqro prezidenti Filip Vuyanoviç, Qırğız prezidenti Sooronbay Jeenbekov, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Azərbaycan prezidentinin ad gününü təbrik ediblər.

Rusiya Federasiyası Arxangelsk vilayətinin qubernatoru İqor Orlov, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakov, Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Miller, Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov, Rusiya Dövlət Dumasının deputatı, SSRİ Xalq Artisti İosif Kobzon, Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev də Azərbaycan prezidentini ad günü münasibəti ilə təbrik ediblər.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Ad-günü  





Xəbər lenti