“Avropa Gənclər Parlamenti – Azərbaycan” hansı işləri görüb? – MÜSAHİBƏ

“Avropa Gənclər Parlamenti – Azərbaycan” hansı işləri görüb? – MÜSAHİBƏ
  25 Dekabr 2017    Oxunub:13558
“Avropa Gənclər Parlamenti” 1987-ci ildə Fransanın Fontanble şəhərində yaradılıb, hazırda Avropanın 40 ölkəsində nümayəndəliyi var və il ərzində 600 tədbir vasitəsilə 35,000-dən çox gənci fəaliyyətinə cəlb edir. Hazırda “Avropa Gənclər Parlamenti” debatlar, mədəniyyətlərarası dialoq, təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən dünyanın ən böyük gənclər platformasıdır.
Azərbaycanlı gənclər 2006-cı ildən “Avropa Gənclər Parlamenti”nin beynəlxalq tədbirlərində iştirak etsələr də, təşkilatın Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Vətənpərvər, dövlətin gənclər siyasətini dəstəkləyən intellektual gənclər qurumun fəaliyyətinə cəlb edilir və onların cəmiyyətimizə fayda verməsi üçün imkanlar təmin olunur.

“Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin prezidenti ADA Universiteitnin Beynəlxalq münasibətlər fakültəsinin 4-cu kurs tələbəsi Saleh Cəfərovdur. O, AzVision.az-a müsahibəsində gördükləri işlər haqqında danışıb:

- Təşkilatımızın əsas üzvləri ADA Universitetinin tələbələridir və ADA Universitetində klubumuz da mövcuddur. Fəaliyyətimizi isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, “ASAN xidmət”, ali və orta təhsil müəssisələri, yerli icra hakimiyyətləri, “İDEA” təşkilatı və digər dövlət, özəl və ictimai təşkilatlarla birgə əməkdaşlıq şəraitində qururuq.

- Təşkilatınız bu günə qədər hansı tədbirlər təşkil edib?

- 2010-ci ildən bu günə qədər Bakı, Gəncə, Şəmkir, Sumqayıt, Qax şəhərlərində Avropanın 40 ölkəsindən xarici tələbələrin iştirakı ilə 6 beynəlxalq sessiya və 30-dan çox yerli tədbir təşkil etmişik. Xarici qonaqlara ölkəmizin mədəniyyəti, multikulturalizm siyasəti, o cümlədən Dağlıq Qarabağ problemi barədə məlumatlar vermişik, Avropanın gələcək siyasətçiləri, hüquqşünaslarını və digər peşəkarlarını Azərbaycanın dostları etmişik.

Bir məsələni xatırlatmaq istəyirəm. 2015-ci ilin avqust ayında ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində “Avropa Gənclər Parlamenti”nin Ermənistan nümayəndəliyi adından tədbir keçirmək istəyirdi. Təşkilatımız qətiyyətli mövqeyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə səyi nəticəsində tədbirin “Avropa Gənclər Parlamenti”nin təşəbbüsü kimi keçirilməsinin qarşısını aldıq. “Avropa Gənclər Parlamenti”nin icraçı direktoru Krista Simberq və İdarə Heyətinin sədri Yari Marjelund qeyd edilən tədbir təşəbbüsün Avropa Gənclər Parlamentinin təşəbbüsü olmadığını və beynəlxalq təşkilatın adının bu tədbirlə əlaqələndirilməsindən təəssüf hissi keçirdiklərini bildirdilər. Eyni zamanda “Avropa Gənclər Parlamenti”nin Ermənistan nümayəndəliyi öhdəlik götürdü ki, gələcəkdə kənar qüvvələrin Avropa Gənclər Parlamentinin adından sui-istifadə etməsinə imkan verilməyəcək. Bununla yanaşı, biz mütəmadi olaraq “Avropa Gənclər Parlamenti”nin beynəlxalq sessiyalarında aktiv iştirak edir və ölkəmizin gəncliyini yüksək səviyyədə təmsil etməyə çalışırıq.

Təşkilatımız eyni zamanda 2017-ci il 4 iyul tarixdə Ermənistan silahlı qüvvələrinin Alxanlıda qətlə yetirdikləri Sahibə Quliyeva və onun nəvəsi Zəhra ilə bağlı Avropa Şurasının Baş Katibinə müraciət ünvanlamışdıq. Avropa Şurasının Baş Katibi bizə rəsmi cavab vermiş və qeyd etmişdir ki, Alxanlı kəndində həyatını itirən mülki şəxslərlə bağlı dərin təssüf və kədər hissi keçirir və münaqişənin insani və məsuliyyətli şəkildə həl edilməsi ilə bağlı Minsk həmsədrlərinin çağırışını tam dəstəkləyir.



- Bu il ərzində ən yadda qalan layihəniz hansı olub?

- “Avropa Gənclər Parlamenti” şəbəkəsində və Azərbaycanda ilk dəfə olaraq “Mənim Parlamentim” layihəsi başlamışıq. Layihənin məqsədi gəncləri Azərbaycan Respublikası Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir.

Layihəmizin ilk qonağı Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan Respublikasının Avropa Şurasının Parlament Assambleyasına Nümayəndə Heyətinin rəhbərinin müavini Vüsal Hüseynov olub. ADA Universitetində keçirilən səmimi görüşümüzdə Vüsal müəllim Milli Məclisin fəaliyyəti ilə bağlı bizə geniş məlumat verdi, bilik və bacarıqlarımızın artırılmasına, o cümlədən inkişafımıza yönəlik tövsiyələrini bizimlə paylaşdı. Bildiyiniz kimi Vüsal Hüseynov eyni zamanda Harvard Universitetinin məzunudur və biz ondan Harvard Universitetində təhsil və qəbul imkanları ilə bağlı suallar soruşduq.



Layihəmizin ikinci qonağı isə Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov oldu. Görüşümüz Milli Məclisdə baş tutdu. Qeyd edim ki, biz ilk dəfə idi ki, Milli Məclisdə olduq, Heydər Əliyevin xatirə zalı, plenar iclas və görüş zalları ilə tanış olduq. Daha sonra Fuad Muradov Milli Məclisin gənclər və idman komitəsinin fəaliyyəti ilə bağlı məlumat verdi. Fuad müəllim eyni zamanda bizi qonaq qismində Avropa Parlamentində keçirilən Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməyə dəvət etdi.



Layihə mütəmadi xarakter daşıyır, 2018-ci ildə Milli Məclisin digər üzvləri ilə görüşlərimiz nəzərdə tutulub, keçirilən görüşlərlə bağlı ictimaiyyəti mütəmadi məlumatlandıracağıq. Eyni zamanda fürsətdə istifadə edib bizi qəbul etdikləri və təşkilatımızın fəaliyyətinə dəstək verdikləri üçün təşkilatımız adından həm Vüsal Hüysenova həm də Fuad Muradova dərin təşəkkürlərimizi çatdırmaq istərdik.

- Saleh, növbəti il üçün planlarınız və ya ən böyük tədbirləriniz hansılardır?

- Bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, tolerantlıq və multikultularizm kimi anlayışları özündə birləşdirən bir məkandır. Tarixi hadisə olan “Bakı–Tbilisi–Qars dəmir yolu”nun reallaşması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. Bu prosesə biz də öz kiçik töhfəmizi vermək və Avropalı gənclərin maarifləndirilməsi təmin etmək üçün “Bakı-Tbilisi-Qars gəncləri birləşdirən xətt” adlı beynəlxalq sessiya keçirəcik. Tədbirdə Avropanın 40 ölkəsindən 150 gəncin iştirakı nəzərdə tutulur. Tədbirin qeyri-adi xüsusiyyəti ondan ibarətdir ki, tədbir işitrakçıları ilk 2 günü Bakı şəhərində, daha sonra qatarla Tbilisiyə səfər edərək 2 gün Tbilisidə və tədbirin son 2 günü isə Qars şəhərində tədbirin yekununda iştirak edəcəklər. Bir sözlə Avropalı gənclər “Bakı-Tbilisi-Qars dəmiryolu xətti”nin əhəmiyyətini öz gözləri ilə görüb yaşayacaqlar.

Bundan əlavə, regionalarda keçiriləcək maarifləndirmə tədbirləri çərçivəsində Bərdə şəhərində “Qarabağ Beynəlxalq Forumu”nun keçirilməsi nəzərdə tutulur. Daha sonra il ərzində universiteti və məktəb sessiyaları da icra ediləcəkdir. 2018-ci il 4 yanvar tarixində isə Regional Sessiyamız öz fəaliyyətinə başlayacaq ilə başlayacayıq.

AzVision.az



Teqlər: #Avropa-Gənclər-Parlamenti  





Xəbər lenti