Keçmiş məhkum 3 kq heroinlə tutulub

Keçmiş məhkum 3 kq heroinlə tutulub
  25 Dekabr 2017    Oxunub:1166
Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Nəticədə bu tipli qanunazidd əməllərlə məşğul olmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış zamanı 0,991 qram narkotik maddə hesab edilən heroin aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Kərimovun yaşadığı evə də baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 2 kiloqram 995 qram heroin olması barədə rəy verilib. Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni qabaqcadan cinayət əlaqəsinə girdiyi şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Sumqayıt  





Xəbər lenti