Bu il doğuş zamanı 20 ana ölüb – 4 həkim işdən çıxarılıb

Bu il doğuş zamanı 20 ana ölüb – 4 həkim işdən çıxarılıb
  26 Dekabr 2017    Oxunub:7820
Azərbaycanda bu il ərzində 20 ana ölümü faktı qeydə alınıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ana ölümü halları azalıb: “Bundan öncəli illərdə 45, 35, 27, 22 ana ölümü qeydə alınırdısa, bu il cəmi 20 ölüm hadisəsi olub. Bu faktların hər biri təhlil olunub və müvafiq tədbirlər görülüb, işçilər inzibati məsuliyyətə cəlb olunub”.

S.Məmmədova qeyd edib ki, ana ölümü ilə əlaqədar 4 həkim işdən çıxarılıb: “Ana ölümlərinə görə, 4 həkim tutduğu vəzifədən azad olunub. 40-a yaxın əməkdaşa (bunların içərisində həkimlər, terapevtlər, can həkimləri, anestizioloq var) sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib.

Qeyd edim ki, 30-dan artıq tibb işçisinə töhmət verilib. 20-ə yaxın əməkdaşa - həkim, mamaçaya xəbərdarlıq olunub və Doğuşayardım Komissiyasının qərarı ilə ixtisasartırma kurslarına göndərişlər edilib”.



Direktor vurğulayıb ki, ana ölümlərinə görə, bütün səhvi həkimlərin üzərinə atmaq yolverilməzdir: “ Həkim oxuyur, bilir və bütün bildiklərini hər bir xəstəyə tətbiq edir. Əgər xəstə problemlidirsə, həkim oxuduğunu, bildiyini beş qat artıq tətbiq edəcək ki, ona kömək etsin. Hansı həkim istəyər ki, əlində kimsə ölsün və ya sağlamlığına ziyan gəlsin. Sadəcə xəstə elə ağır vəziyyətdə daxil olur, antenatal qulluğu zəif olur ki, niyə və nə üçün həkimə gəlməməsi barədə min dənə bəhanə tapırlar”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Doğuş   Ölüm  





Xəbər lenti