Qarsda yaralanan azərbaycanlılardan 24-ü evə buraxılıb

Qarsda yaralanan azərbaycanlılardan 24-ü evə buraxılıb
  26 Dekabr 2017    Oxunub:3783
Ötən gün Qarsda qəza nəticəsində yaralanan 31 azərbaycanlıdan 7-si hələ də xəstəxanadadır.

Bu barədə AzVision.az-a açıqlamasında Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.
Konsul qeyd edib ki, dünən qəza nəticəsində yaralanan 31 azərbaycanlıdan 24-ü xəstəxanadan evə buraxılıb: “Yerdə qalan 7 nəfərin müalicəsi davam etdirilir. Yaralılardan üçü reanimasiyada, dördü isə normal palatadır. Xəstəxanada olan şəxslərdən 4-ü kişi, 3-isə qadındır. Reanimasiyada olan şəxslərdən birinin vəziyyəti yaxşıdır. Digər bir nəfərin bu gün palataya köçürüləcəyi gözlənilir. Həkimlərin fikrincə, reanimasiyada olan digər iki nəfər sabah palataya köçürüləcək. Bu gün səhər saatlarında xəstəxanada olan həmyerlilərimizə baş çəkmişəm. Onların hər biri ilə görüşdüm, vəziyyətləri yaxşıdır, həyatı təhlükələri yoxdur”.

Qarsdakı Baş Konsulumuz eyni zamanda vurğulayıb ki, yaralanan soydaşlarımızın bütün xəstəxana xərcləri avtobus şirkəti tərəfindən ödənilib.

Qeyd edək ki, ötən gün səhər saat 06:00 radələrində İstanbuldan Iğdıra gələn avtobus qəzaya düşüb. Hadisə nəticəsində 33 nəfər yaralanıb Onlardan ikisi – sürücü Türkiyə vətəndaşıdır. Qalan şəxslərin hamısı Azərbaycan vətəndaşları olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qars   Konsul   Qəza  





Xəbər lenti