Şəhadətnamə ala bilməyənlər imtahan verib

Şəhadətnamə ala bilməyənlər imtahan verib
  26 Dekabr 2017    Oxunub:1939
Bu gün Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak edib. Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 99 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 5 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya, informatika, həyat bilgisi) üzrə imtahan veriblər. Eksternat imtahanları dekabrın 27-də digər fənnlər (Azərbaycan tarixi, riyaziyyat, ümumi tarix, xarici dil, biologiya, Azərbaycan dili (rus bölməsi üçün) üzrə davam edəcək.

Məqbul qiymət almış şəxlərin siyahısı yanvarın 8-də baku.edu.gov.az saytında yerləşdiriləcək. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Aytən Zəhra
AzVision.az


Teqlər: BŞTİ   imtahan  





Xəbər lenti