Məleykə Abbaszadə imtahan nəticələrini açıqladı

Məleykə Abbaszadə imtahan nəticələrini açıqladı
  26 Dekabr 2017    Oxunub:2370
2017-ci il noyabr və dekabr aylarında inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanları keçirilib.
AzVision.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclasında çıxış edən şuranın sədri Məleykə Abbaszadə qeyd edib ki, bu imtahanlarda 3 mindən artıq namizəd iştirak edib və onlardan ümumilikdə 1004 namizəd sertifikat əldə etmək hüququ qazanıb. İnzibati vəzifələrin A və B növləri üzrə müsabiqənin müsahibə mərhələsinə dövlət orqanları tərəfindən 1461 vakant vəzifə təqdim olunub. Daha əvvəl keçirilən müsabiqələrdən keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş 313 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilib. Ehtiyat kadrların dövlət orqanlarında analoji vəzifəyə təyin olunması ilə bağlı mütəmadi iş aparılır.

Sədr dövlət orqanında vakant dövlət qulluğu vəzifəsinin müddətli əmək müqaviləsi bağlanılmaqla tutulması ilə bağlı bildirib ki, xüsusi hal olaraq vakant vəzifə üzrə əmək funksiyasının icrası zərurətinin olduğu nəzərə alınaraq işin davam etməsi üçün həmin vəzifənin müsabiqə və müsahibə yolu ilə tutulması müddətinə kimi (əsasən 3 ay müddətinə) işçi ilə müddətli əmək müqaviləsi bağlamaq olar. Bu şərtlə ki, həmin vəzifənin müsabiqə və ya müsahibə yolu ilə tutulması üçün dövlət orqanının rəhbəri qərar qəbul etsin və bu vəzifələr müvafiq elan verilməsi üçün Dövlət İmtahan Mərkəzinə təqdim edilsin.

“Bəzən elə hallar olur ki, dövlət orqanında müqavilə əsasında çalışan şəxs hesab edir ki, o artıq dövlət qulluqçusudur, lakin əslində həmin şəxs belə statusa malik olmamasından xəbərsiz olur. Artıq bu vətəndaşlar, eləcə də dövlət orqanlarında çalışan digər şəxslər “dövlət qulluqçularının reyestri” xidmətinə daxil olaraq özləri haqqında konkret məlumatlarla tanış ola biləcəklər”, - deyə o bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   imtahan  





Xəbər lenti