Ali Məhkəmədə müşavirə keçirilib

Ali Məhkəmədə müşavirə keçirilib
  26 Dekabr 2017    Oxunub:1481
Azərbaycan Respublikasının Ali Məhkəməsində apellyasiya və birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 14-cü bəndinin icrasını təmin etmək məqsədilə cari ilin birinci yarımilliyi ərzində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinə dair Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin nəticələri müzakirə edilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, azadlıq hüququnun təmin olunmasına daim önəm verən dövlətimizin başçısı 2017-ci il 10 fevral tarixli Sərəncamında məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmasını, cəzanın və qətimkan tədbirinin məqsədlərinə cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsini, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət olunmasını, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunun araşdırılmasını, bununla bağlı təqdimatlara baxılarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlillərin yoxlanılmasını məhkəmələrə tövsiyə edib. Ali Məhkəmə öz fəaliyyətində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi məsələlərinə baxılmasını daim diqqət mərkəzində saxlayıb. 2007-ci ildən başlayaraq bununla bağlı dəfələrlə məhkəmə təcrübəsi ümumiləşdirilib, respublika məhkəmələrinin bütün hakimlərinin cəlb edildiyi silsilə tədbirlər keçirilib. Aparılmış ümumiləşdirmələrdən birinin nəticələri 2009-cu il noyabrın 3-də Ali Məhkəmənin Plenumunda geniş müzakirə edilərək Konstitusiyanın 28-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin, cinayət-prosessual qanunvericiliyinin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla mükəmməl Qərar qəbul edilib. Növbəti ümumiləşdirmənin nəticələrinə görə, məhkəmələrin bu sahədəki fəaliyyətində əhəmiyyətli dəyişikliklər baş versə də, bir sıra hallarda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorların təqdimatlarına baxan hakimlər müəyyən nöqsanlara da yol veriblər.

Sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin nəticələri barədə geniş məruzə ilə çıxış edib.

Qeyd olunub ki, 2017-ci ilin birinci yarısında 2016-cı ilin həmin dövrü ilə müqayisədə həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması haqqında məhkəmələrə 20,73 faiz az təqdimat daxil olub. Bunlardan həbsin seçilməsi haqqında 88,13 faizi, həbsdə saxlama müddətinin uzadılması haqqında isə 94,32 faizi təmin edilib. Ötən ilin birinci yarımilliyi ilə müqayisədə təmin edilən təqdimatların sayında müvafiq olaraq 5,27 faiz və 2,61 faiz azalma müşahidə edilib.

Məruzəçi bildirib ki, əvvəlki illərdən fərqli olaraq, ümumiləşdirmənin əhatə etdiyi dövrdə məhkəmələr təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması ilə bağlı təqdimatlara baxılmasına daha ciddi yanaşıb. Məhkəmə qərarlarında həbs etmə və həbsdə saxlama müddətlərinin uzadılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, beynəlxalq müqavilələrin, maddi və prosessual qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən 2017-ci il 10 fevral tarixli Sərəncamında və “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2009-cu il 3 noyabr tarixli Qərarında göstərilən tövsiyələrə əksər hallarda əməl edilib.

Bununla yanaşı, ümumiləşdirmənin nəticələri göstərib ki, bəzi hallarda hakimlər tərəfindən qeyd edilən məsələlər üzrə təqdimatlara baxılarkən müəyyən nöqsanlara da yol verilib. Aşkar edilmiş nöqsanlar konkret misallar göstərilməklə müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Müşavirədə çıxış edən apellyasiya və birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ümumiləşdirmənin nəticələrinin əhəmiyyətindən danışaraq təqsirləndirilən şəxslərin azadlıq hüququnun təmin edilməsi ilə bağlı məhkəmələrin fəaliyyətində bundan sonra da müsbət dəyişikliklərin olmasının vacibliyini vurğulayıblar.

Tədbirdə, həmçinin dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə bağlı məhkəmələrə etdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində lazımi tədbirlərin daim həyata keçiriləcəyi qeyd olunub, aparılmış ümumiləşdirmənin nəticələri barədə isə məhkəmələrə icmal məktubun göndərilməsi qərara alınıb.

AzVision.az


Teqlər: Ali-Məhkəmə  





Xəbər lenti