QHT Şurası növbəti ilkə imza atıb

  27 Dekabr 2017    Oxunub : 332
QHT Şurası növbəti ilkə imza atıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət xidmətləri ilə bağlı vahid məlumat portalının “Digər büdcə təşkilatları” bölməsində elektron xidmətlərini qeydiyyatdan keçirən ilk qurumdur.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb.

Elektron Reyestrin aparılmasının əsas məqsədi qurumların göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin, müvafiq standartların müəyyənləşdirilməsi, xidmətlərin elektronlaşdırılması sahəsində görülən işlərin sürətləndirilməsi, xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin və informasiya ehtiyatlarının inteqrasiyasının təmin edilməsi, eyni məzmunlu xidmətlərin aşkarlanması və təkrarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi və digər məsələlərdir.

Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalının “Digər büdcə təşkilatları” bölməsində elektron xidmətlərini qeydiyyatdan keçirən ilk qurum olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası aşağıdakı elektron xidmətləri göstərir: qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələrin təsviri və maliyyə hesabatlarının qəbulu; dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsinin Şura ilə razılaşdırılması; müsabiqədə iştirakla bağlı QHT layihələrinin qəbulu.

Şura 2017-ci ildən etibarən təsviri və maliyyə hesabatlarının qəbulunu elektron qaydada həyata keçirir. Bununla da QHT-lər əlavə vaxt sərf etmədən, asan və rahat şəkildə müvafiq layihə ilə bağlı hesabatlarını donora təqdim etmək imkanı qazanıblar.

Dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsinin Şura ilə razılaşdırılması proseduru çərçivəsində sənədlərin qəbulu və Şura tərəfindən rəyin verilməsi 2017-ci ildə elektron qaydada həyata keçirilməyə başlanılıb.

Qrant müsabiqəsində iştirakla bağlı QHT layihələrinin elektron qaydada qəbulu üçün 2017-ci ildə daha təkmil və səmərəli proqram işlənib hazırlanıb. Bu proqram çərçivəsində QHT-lərin şəxsi elektron kabinetləri yaradılıb.

Şura fəaliyyətində hesabatlılığın və şəffaflığın daha da artırılması, QHT-lərə göstərdiyi xidmətlərin təkmilləşdirilməsi, yeni proqramların hazırlanması və onlar barədə təşkilatların məlumatlandırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

AzVision.az

Teqlər: QHT-Şurası