Rusiya XİN: “Bakı və İrəvana konkret təkliflər verilib”

Rusiya XİN: “Bakı və İrəvana konkret təkliflər verilib”
  27 Dekabr 2017    Oxunub:2850
“Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin intensivləşməsini alqışlayır və danışıqların nəticəli olmasında maraqlıdır”.
AzVision.az xəbər verir ki, bunu “İnterfaks”a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Onun sözlərinə görə, Rusiya güzəştlərin axtarılmasında Bakı və İrəvanın səylərini dəstəkləyir: “Öz növbəsində, Minsk qrupunda həmsədr olan tərəfdaşlarla birlikdə uzun sürən münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik”.

Karasinin sözlərinə görə, ABŞ, Rusiya və Fransanın vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyəti rəhbərlərinin birgə bəyanatında dəqiq qeyd olunub.

Nazir müavini əlavə edib ki, 2017-ci ilin oktyabrında Cenevrədə həmsədrlərin dəstəyi ilə münaqişənin həllinə həsr olunan Azərbaycan-Ermənistan sammiti keçirilib: “Sammitdə münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsi, münaqişə tərəflərinin təmas xəttində gərginliyin azalmasına yönəlmiş əlavə tədbirlər görməsi razılaşdırılıb. Dekabr ayında Vyanada ATƏT XİN başçıları Şurasının iclasında Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həlli ilə bağlı əsas məsələləri müzakirə edib. Hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Həmçinin münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib”.

AzVision.az


Teqlər: ATƏT   Qarabağ   Rusiya  





Xəbər lenti