QMİ-dən təklif: Jurnalistika fakültəsində dini dərslər keçirilsin!

QMİ-dən təklif: Jurnalistika fakültəsində dini dərslər keçirilsin!
  27 Dekabr 2017    Oxunub:2982
“Ali və orta təhsil müəssisələrində, xüsusən də jurnalistika fakültələrində dini bilikləri ehtiva edən dərslər tədris olunmalıdır”

AzVision.az xəbər verir ki, belə bir təkliflə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı çıxış edib.
Onun sözlərinə görə, televiziya kanallarında milli-mənəvi dəyərlərimizi təbliğ edən verilişlərə daha geniş yer ayrılmalıdır:

“Gəlin, unutmayaq ki, dini savadsızlıq və məlumatsızlıq fonunda yad təsirlərə düşəndə öz milli mənəvi mənsubiyyətini itirib özgələşən gəncliyimiz sabah cəmiyyətimiz və dövlətimiz üçün böyük bir problemə çevrilə bilər. Biz təklif edərdik ki, dövlətimizin təhlükəsizliyi, vətəndaşların əmin-amanlığı naminə qeyri-ənənəvi təxribatçı radikal qrupların fəaliyyəti ilə mübarizə üçün inzibati tədbirlər gücləndirilsin. Eyni zamanda ictimai qınaq metodundan istifadə olunsun. Bu işdə bizə ilk növbədə KİV yardımçı olmalıdır”.

QMİ rəsmisi qeyd edib ki, bır sıra mətbuat orqanları ölkədə mövcud olan dini mühitin problemlərini həll etməkdə yardım etmək əvəzinə daha çox böhtan kampaniyalarının aparıcısı və dini qarşıdurmanın qızışdırıcısı qismində çıxış edirlər: “Din dövlətdən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. O da bu ölkənin hər bir vətəndaşı kimi dövlətinə sədaqətlidir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: QMİ  





Xəbər lenti