Məmmədyarov Qazaxıstan səfirini qəbul edib

  27 Dekabr 2017    Oxunub : 486
Məmmədyarov Qazaxıstan səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq tarixi, etnik və mədəni köklərə əsaslandığı qeyd olunaraq, iki ölkənin liderləri arasında səmimi dostluğun və yüksək səviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyi qeyd edilib, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu və bu çərçivədə yüksək səviyyədə qarşılıqlı təbrik məktublarının mübadiləsi, Qazaxıstanda və Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsi məmnuniyyətlə nəzərdən keçirilib, hökumətlərarası birgə komissiyanın ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafında və qarşılıqlı faydalı birgə layihələrin müəyyən edilməsində mühüm rol oynadığı və komissiyanın bu il məhsuldar iclasının keçirildiyi önə çəkilib.

Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunulub və bu çərçivədə Azərbaycan-Qazaxıstan əməkdaşlığı təqdir edilib. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Səfir Qazaxıstanın Azərbaycanla diplomatik münasibətlərinin qurulmasının 25 illiyi və ikitərəfli münasibətlərin inkişafında xidmətlərinə görə, Qazaxıstan prezidenti N. Nazarbayevin fərmanı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təltif edildiyi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi” medalını təqdim edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: XİN   Qazaxıstan