FAO-nun layihəsi başa çatır

FAO-nun layihəsi başa çatır
  28 Dekabr 2017    Oxunub:2467
Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılmasına dair BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəklədiyi layihənin yekun seminarı keçirilib.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən AzVision.az-a verilən xəbərə görə, FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunan və FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihənin məqsədi yerli Qafqaz ana arılarının məhsuldarlığının artırılması, eləcə də hər bir arı pətəyindən daha çox bal istehsal etmək üçün arıçıların qabiliyyətinin artırılması yolu ilə Azərbaycan arıçılarının gəlir və həyat şəraitinin təkmilləşdirilməsidir.

Layihənin icra müddəti ərzində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Arıçılıq Mərkəzində və Qax rayonunda genofond arıxanaları yaradılıb. Bunun üçün FAO-nun köməkliyi ilə mütəxəssislər hazırlanıb və genofond arıxanası kimi fəaliyyət göstərəcək təşkilatlar zəruri avadanlıqlarla təchiz edilib. Rayonlaşmış və uzun illər saxlanılan Boz Dağ Qafqaz arı cinsinin təmiz genetik xəttinin tapılması üçün respublikanın müxtəlif rayonlarından arı nümunələri götürülərək Ankara Dövlət Universitetinə göndərilib, orada bioloji və genetik analizlər aparılıb və cinsin əlamətlərini özündə daha çox saxlamış arı ailələri alınaraq hər iki genofond arıxanasına gətirilib. Bu arı ailələri ana yetişdiriciliyi yolu ilə təmizqanlı genetik material kimi istifadə edilir.

Layihə çərçivəsində cəlb edilmiş beynəlxalq məsləhətçilərin köməyi ilə arıçılara seleksiya- damazlıq işlərinin aparılması, ana arı yetişdiriciliyi, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması yolları praktik təlimlər vasitəsi ilə öyrədilib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Arıçılıq Mərkəzində və Qax rayonundakı Api-Delta özəl arıxanada çalışan yerli mütəxəssislərə arı xəstəliklərinə dair praktik və nəzəri təlim keçirilib. “Ana arı yetişdirilməsi” və “Arıçılığa yeni başlayanlar üçün” mövzusunda təlimatlar buraxılıb və arıçı fermerlərə paylanıb.

Tədbirdə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Rəhbəri Mələk Çakmak, Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev, Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə, Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Avropa İttifaqı və Xarici Əlaqələr üzrə Baş direktorunun müavini cənab Gürcan Özdağ, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunu nəzdində Arıçılıq Mərkəzinin direktoru Allahverdi Seyidov və layihənin Milli Layihə Koordinatoru – Asəf Ömərov çıxış ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BMT  





Xəbər lenti