Humanizm ölkəmizdə həyata keçirilən cinayət hüquqi siyasətin əsas prinsiplərindən biri kimi

Humanizm ölkəmizdə həyata keçirilən cinayət hüquqi siyasətin əsas prinsiplərindən biri kimi
  28 Dekabr 2017    Oxunub:1969
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılmış, ulu öndərin uzaqgörən inkişaf strategiyası ilk növbədə, cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsini, mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını nəzərdə tutmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendumla qəbul edilən müstəqil dövlətimizin ilk milli Konstitusiyası Azərbaycanın demokratik dəyərlərə söykərək inkişaf yolunu seçən bir dövlətə çevrilməsində yeni bir mərhələnin təməlini qoymuş, qısa zaman kəsiyində həyata keçirilmiş köklü islahatlar nəticəsində məhkəmə və prokurorluq orqanları müstəqilliyi təmin edilməklə yenidən formalaşdırılmış və beynəlxalq standartların tələblərinə cavab verən qanunvericlik bazası yaradılmışdır.

Bu siyasət 2003-cü ildə cənab İlham Əliyevin prezident seçilməsindən sonra da uğurla davam etdirilərək məhkəmə-hüquq və qanunvericlik islahatları dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməklə genişləndirilmişdir. Ölkəmizin beynəlxalq inteqrasiyasının sürətlənməsi, dövlət idarəçiliyində mütərəqqi texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi ilə xarakterizə olunan bu dövrdə institusional islahatlar qanunvericilik islahatarı ilə paralel şəkildə davam etdirilmiş, korrupsiya və oxşar neqativ təzahürlərə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edilərək iqtisadi inkişafın təməllərinin möhkəmləndirilməsinə xidmət etmişdir.

İnsan və vətəndaşın hüquq və azadlıqlarının və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamızın ruhu ilə səsləşən dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri ilə yanaşı humanizm prinsiplərinə də söykənir. Ulu öndər Hеydər Əliyеvin təşəbbüsü ilə 1993-cü ildə Аzərbаycаndа ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəzanın sistemindən çıxarılması, Prezident cənab İlham Əliyev tərəfindən mütəmadi şəkildə imzalanan və indiyədək minlərlə insanı əhatə etmiş əfv Sərəncamları, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən və 40 minə yaxın insanı əhatə edən 4 amnistiya aktı humanizm dəyərlərinin dövlət siyasətinin təməllərindən olmasının əyani sübutlarındandır.

Dövlət idarəçiliyinin əsas prinsiplərindən biri olan humanizm siyasətinə sadiqliyin və korrupsiyaya qarşı kəsərli mübarizəyə dair qətiyyətli siyasi iradənin növbəti bariz nümunəsi isə 10 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2668 nömrəli Sərəncam olmuşdur.

Dövlət başçısının qeyd edilən Sərəncamı ilə xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması, həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və bir sıra digər məsələlərlə bağlı qanun layihələrin hazırlanması müəyyən edilmiş, bununla əlaqədar müvafiq işçi qrupu yaradılaraq qısa müddətdə cinayət, cinayət-prosessual və cəza-icra qanunvericiliklərinin təkmilləşdirilməsi istiqamətində müvafiq rəy və təkliflər hazırlanmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun” layihəsi 20 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. Həmin dəyişikliklər Cinayət Məcəlləsinin (CM) həm ümumi, həm də xüsusi hissəsinə aid olmaqla cinayət-hüquqi tənzimetməni və cəza siyasətini yeni - liberal məcraya yönləndirməklə insаn və vətəndaş hüquq və аzаdlıqlаrının təminаtı sаhəsində əsаslı dönüşün başlanğıcı оlmuşdur.

Qeyd edilən qanunla CM-in 144 maddəsində aşağıda qeyd edilən istiqamətlər üzrə 300-ə yaxın dəyişiklik qəbul edilmişdir:

- Dəyişikliklərin bir qismi Cinayət Məcəlləsinin Ümumi hissəsinə aid olmaqla cəzaların sistemi və cəza təyini məsələlərini əhatə etmişdir. Belə ki, cinayət qanununda təsbit edilmiş cəzaların sisteminə azadlığın məhdudlaşdırılması cəzası daxil edilmiş, ilk dəfə olaraq elektron nəzarət vasitələrinin tətbiq edilməsi ilə bağlı müddəalar bu cəzanın tətbiq qayda və şərtlərində əks etdirilmiş, bununla da cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların sayı artırılmış, həmçinin cəza təyini zamanı yeni informasiya texnologiyalarının imkanlarının hüquq sahəsində tətbiqinə şərait yaradılmışdır. Bununla yanaşı, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma və ömürlük azadlıqdan məhrum etmə cəzalarının tətbiqi ilə bağlı bir sıra müddəalar da dəqiqləşdirilmişdir. Bütövlükdə 152 cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzalar daxil edilmiş, 36 cinayətə görə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulmuşdur ki, onlardan 18 cinayət əməli az ağır cinayətlər kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 4 cinayət əməli ağır cinayətlər kateqoriyasından az ağır cinayətlər kateqoriyasına, 1 cinayət əməli isə xüsusilə ağır cinayətlər kateqoriyasından ağır cinayətlər kateqoriyasına keçirilmişdir. Göstərilənlərlə yanaşı, CM-in xüsusi hissəsinin ayrı-ayrı maddələrinin sanksiyaları təkmilləşdirilməklə nəzərdə tutulmuş cəzanın həddi və həcmi azaldılmış və sanksiyalarda azadlıqdan məhrumetməyə alternativ olaraq azadlığın məhdudlaşdırılması tətbiqi mütləq cəza kimi müəyyən edilmişdir. Dəyişikliklərlə cinayətlərin təkrar törədilməsinin anlayışı dəqiqləşdirilərək cinayətlər çoxluğunun digər növləri olan cinayətlərin məcmusu və cinayətlərin residivi arasında təcrübədə mövcud qeyri-müəyyənlik aradan qaldırılmış, cinayətlərin residivinin dairəsi məhdudlaşdırılmış, habelə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasında da dəyişiklik həyata keçirilərək əhatə etmək üsulu ilə cəza təyini halları genişləndirilmiş, cəzaların toplanılması yolu ilə təyin edilməsi qaydasında təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı hədlərinə məhdudiyyətlər müəyyən edilmiş, məhkumluğu olmayan hesab edilən şəxslərin dairəsi konkretləşdirilməklə məhkumluğun ödənilməsi müddətləri ilə bağlı müddəalar şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran istiqamətdə təkmilləşdirilmişdir;

- Cinayət qanunvericiliyinin müasir dövrün tələblərinə uyğunlaşdırılması zərurətindən irəli gələrək dəyişikliklərin bir digər qrupu cinayət məsuliyyətindən və cəzadan azad etmə institutlarını əhatə etmişdir. Belə ki, həmin institutların normaları genişləndirilməklə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə müddəaları qanunvericiliyə daxil edilmiş, nəticədə bu qəbildən olan cinayətlərin törədilməsi halında qanunla müəyyən edilmiş qaydada təqsirkar şəxslərin bəraətverici əsaslar olmadan məsuliyyətdən azad edilməsi imkanları müəyyən edilmişdir. Ümumilikdə 24 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə, 25 cinayətə görə isə ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə (1 və ya 2 mislində) ödəniş edilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmənin mümkünlüyü təsbit edilmişdir. Həmçinin, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azad etmə imkanı müəyyən olunmuşdur. Burada xüsusi vurğulamaq yerinə düşər ki, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın müəyyən misli miqdarında dövlət büdcəsinə ödəniş edilməklə şəxsin cinayət məsuliyyətindən azad edilməsi institutu Azərbaycan Respublikasının cinayət qanunvericiliyində ilk dəfə tətbiq edilən yeni bir müddəadır ki, bu da özlüyündə bu sahədə mövcud qabaqcıl beynəlxalq təcrübənin ölkə qanunvericiliyinə implementasiyasının göstəricisidir. Bundan başqa, son dəyişikliklərlə cəzanı yüngülləşdirən halların dairəsi genişləndirilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqi imkanları genişləndirilmiş, hətta ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzadan şərti olaraq azad edilməsi imkanları müəyyən edilmişdir;

- Qanunvericilikdə yeniliklərin bir digər istiqamətini isə bir sıra, xüsusilə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilmiş cinayətlərin dekriminallaşdırılması təşkil etmişdir. Belə ki, yeni qanunla əvvəllər cinayət hesab edilən 15 əmələ görə cinayət məsuliyyəti aradan qaldırmış və daha 3 cinayətə görə məsuliyyət yaradan hədd 5 dəfə artırılmaqla dekriminallaşdırılmışdır. Mülkiyyət əleyhinə törədilmiş cinayətlərlə bağlı həyata keçirilən mühüm əhəmiyyətli dəyişiklik ondan ibarət olmuşdur ki, ölkənin inkişaf edən iqtisadi göstəricilərinə uyğun olaraq ağırlaşdırıcı əlamətlər olmadan oğurluq, dələduzluq və mənimsəmə kimi talama cinayətlərinin törədilməsinə görə məsuliyyətin yaranması üçün zəruri ziyan həddi 100 manatdan 500 manatadək artırılmış, 5000 manatdan 50.000 manatadək ziyanı nəzərdə tutan “xeyli miqdar”, 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan ziyanı nəzərdə tutan “külli miqdar” kimi cinayət-hüquqi ölçü vahidləri ilə yanaşı, 500.000 manatdan yuxarı olan mәblәğdə ziyanı nəzərdə tutan “xüsusilə külli miqdar” anlayışı qanunvericiliyə daxil edilmiş, nəticədə sözügedən ictimai münasibətlər sahəsində törədilən əməllərin ictimai təhlükəlilik dərəcəsi iqtisadi inkişaf göstəricilərinə uyğunlaşdırılmışdır. Oxşar dəyişiklik iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərlə bağlı da həyata keçirilmişdir.

Cinayət Məcəlləsinin xüsusi hissəsinin bu dəyişiklikləri cinayət qanunvericiliyinin təkmilləşdirilməsinin korrupsiya cinayətlərindən də yan keçmədiyindən xəbər verir ki, bu öz növbəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilmiş cinayətlərin tövsifedici əlamətlərinin qulluq mənafeyi əleyhinə törədilən cinayətləri də nəzərdə tutmaqla korrupsiya xarakterli cinayətlər olmaları ilə əlaqədardır. Dəyişikliklər korrupsiya və maliyyə cinayətlərinin istintaqı və cinayət təqibinin səmərəliliyinin artırılmasına istiqamətlənmiş, bu qəbildən olan cinayətlərin araşdırılması zamanı süni vaxt itkisinin, sübut materiallarının lüzumsuz artıq toplanmasının, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasının (süründürməçiliyin) qarşısının alınmasında əlavə vasitəyə çevrilmiş və hüquqi alətlərin rasional şəkildə istifadə edilməsinin vacibliyini bir daha təsdiq etmişdir. Belə ki, yeni dəyişikliklərlə ümumilikdə 50-yə yaxın cinayətdə zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi, habelə cinayət nəticəsində vurulmuş ziyanın bir və ya iki misli miqdarında dövlət büdcəsinə ödəniş edilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmənin mümkünlüyü təsbit edilmişdir. Həmin cinayətlərin ictimai təhlükəliliyinin əsasən vurulmuş ziyanla bağlı olmasını nəzərə alaraq qanunverici həm təqsirləndirilən şəxslərə cinayətin nəticələrinin aradan qaldırılması şərti ilə cinayət məsuliyyətindən azad edilmək imkanı tanıyır, həm də bu cinayətlərdən zərərçəkmiş şəxslərin hüquqlarının bərpasına daha əlverişli zəmin yaratmış olur. Qeyd edilən müddəaların digər mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu stimullaşdırıcı normanın qanuna daxil edilməsi ibtidai istintaq və məhkəmə orqanlarının resurslarına qənaət etmək imkanı yaratmaqla bu sahədə cinayət təqibinin səmərəliliyinin artırılmasına xidmət etmiş olur. Burada korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin statistik göstəricilərinə müraciət etdikdə mənzərə daha da aydın olur. Belə ki, 2017-ci ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş133 şəxs barəsində 103 cinayət işindən 93-ü maddi ziyanla əlaqədar olmuşdur. 2016-cı il ərzində isə Baş İdarə tərəfindən ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş 313 şəxs barəsində 201 cinayət işindən 167-si maddi ziyanla əlaqədar olmuşdur. Təqdim edilən statistik məlumatlardan da göründüyü kimi Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işlərinin mütləq əksəriyyəti maddi ziyanla bağlıdır ki, hazırki dəyişikliklər bu növ cinayətlərin ibtidai və məhkəmə istintaqı zamanı gələcəkdə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsindən ötrü müsadirə edilməsi məqsədilə təqsirləndirilən şəxslərə məxsus əmlakların müəyyən edilməsi, onların üzərinə həbs qoyulması ilə əlaqədar hüquqi prosedurlara sərf edilən vaxt itkisinin, o cümlədən bu məqsədlə əlavə sübutların toplanması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Bu isə öz növbəsində qənaət edilmiş resursların müxtəlif sxem və mexanizmlərdən istifadə etməklə törədilən mürəkkəb və çoxepizodlu korrupsiya cinayətlərinin istintaqına ayrılmasına şərait yaradacaqdır.

Xüsusi qeyd edilməlidir ki, bir sıra cinayət əməllərinin dekriminallaşdırılması, o cümlədən sanksiyaların yüngülləşdirilməsi heç də korrupsiya və sair neqativ hallara qarşı mübarizənin kəsərinin azalması kimi başa düşülməməlidir. Əksinə yeni dəyişikliklər ilk dəfə cinayət törətmiş şəxslərə, həmçinin cinayət əməlləri nəticəsində dəymiş ziyanı ödəmiş şəxslərə münasibətdə onların islah edilərək daha tez cəmiyyətə inteqrasiya olunmalarına müvafiq şərait yaratmaqla yanaşı, dövlət hakimiyyət orqanlarının normal fəaliyyəti və nüfuzuna zərər vuran daha ictimai təhlükəli qulluq mənafeyi əleyhinə cinayət törətmiş şəxslərə münasibətdə daha da sərt mövqe tutur. Bu da korrupsiya cinayətlərinin ictimai təhlükəliliyinin dərk edilməsi və onlara qarşı mübarizənin xüsusi diqqətdə saxlanılmasından xəbər verir.

Buna misal olaraq, CM-ə müvafiq olaraq xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və mənimsəmə və ya israf etmə cinayətlərinə görə cinayət məsuliyyəti nəzərdə tutan 178.4 və 179.4-cü maddələrin daxil edilərək bu halda qeyd edilən əməllərin on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olmasına dair, eləcə də CM-in ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərini aşmaya görə məsuliyyət nəzərdə tutan 309.2-ci maddəsinin sanksiyasının artırılmasını dair müddəaları göstərmək olar.

Ümumilikdə isə əminliklə qeyd oluna bilər ki, həmin tədbirlər ölkədə istintaq-məhkəmə sisteminin, hüquqtətbiqetmə təcrübəsinin fəaliyyətinin asanlaşdırılmasına, korrupsiya və maliyyə cinayətlərinin istintaqı və cinayət təqibinin səmərəliliyinin artırılmasına, bu sistemin azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafında rolunun yüksəldilməsinə, insanların hüquq və azadlıqlarının daha geniş təmin olunmasına, bütövlükdə ölkəmizdə demokratiyanın inkişafına və beləliklə, cəmiyyətimizin və dövlətimizin tərəqqisinə xidmət edəcəkdir.

Həyata keçirilmiş tədbirlər onu göstərir ki, dövlətimiz hüquq islahatlarını beynəlxalq standartlara uyğunlaşdırma istiqamətində həyata keçirir, cəzanın nəzəri baxımdan deyil, praktiki olaraq sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi vasitəsinə çevirmək istiqamətində cəza-hüquq siyasəti aparır və ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvercilik və institusional islahatlar daha da genişləndirilməkdədir.

Qanunveriliyə son dəyişikliklərin məqsədi ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqi, cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması olmuşdur ki, bu da möhtərəm Prezidentimizin insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına həssas münasibətinin növbəti təzahürüdür.

Kamran Əliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri, hüquq elmləri namizədi


AzVision.az


Teqlər: Kamran-Əliyev  





Xəbər lenti