Az çəki ilə doğulan 221 uşaq ölüb

Az çəki ilə doğulan 221 uşaq ölüb
  28 Dekabr 2017    Oxunub:2658
Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov çıxış edərək bildirib ki, il ərzində 18 yaşdan yuxarı respublika əhalisinin 76,6 faizi tibbi müayinələrdən keçirilib.

Onların 3 faizində ilkin xəstəliklər aşkar olunub, 1.2 faizi dispanser nəzarətə alınıb, 4.2 faizi sağlamlaşdırılıb, 37,1 faizi əlavə müayinələrə cəlb edilib, 0.5 faizi hospitalizasiya olunub. G. Poladov qeyd edib ki, uşaqların icbari dispanserizasiyası Dövlət proqramı çərçivəsində 2017-cı ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub: “Tibbi müayinədən keçirilmiş uşaqların 5.1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.

Bu Proqramının icra müddəti bu il başa çatdığından, Səhiyyə Nazirliyi tərəfindən 2018-2022-ci illər üçün yeni Dövlət Proqramının layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib”.

Onun sözlərinə görə, respublikada həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib: “Bildiyiniz kimi, respublikada son 3 ildə diri doğulmanın beynəlxalq meyarları tətbiq olunur. Bu günə qədər 1000 qramdan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub”.

“Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 225 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunurlar. Bunun nəticəsi olaraq şəkərli diabet xəstəliyindən ağırlaşmaların və əlilliyin faizi azalıb, bu xəstələrin həyat keyfiyyəti yaxşılaşıb, xəstəlikdən ölüm faizi azalıb”-deyən Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, respublikada insan immun çatışmazlığı vurusuna yoluxmuş hamilə qadınların 96%-i antiretrovirus müalicəsinə cəlb olunub: “Bunun nəticəsində, dünya statistikasında virusun anadan uşağa ötürülməsi 5-11% təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm 1,8%-ə enib”.

2017-ci ildə vərəmdən ölüm hallarının sayının azaldığını deyən şöbə müdirinin sözlərinə görə, ilin əvvəlindən indiyədək 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstədə endoprotezləşmə əməliyyatı aparılıb: “Yalnız 2017-ci ildə dövlət hesabına 1106 xəstədə - 966 açıq, 140 qapalı ürək əməliyyatı icra olunub. O cümlədən, 266 uşaqda - 201 acıq, 65 qapalı kardiocərrahiyyə əməliyyatı icra edilib. Xəstələrə 2413 angioqrafiya müayinəsi aparılıb və onlardan 684 nəfərə koronar damarların stentlənməsi icra olunub. Eyni zamanda, son iki il ərzində Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti