XİN-dən Şarmazanovun cəfəng bəyanatına sərt cavab

  29 Dekabr 2017    Oxunub : 1932
XİN-dən Şarmazanovun cəfəng bəyanatına sərt cavab

Görünür ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov cəfəng bəyanatlar vermək üzrə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryandan estafeti ələ keçirməyə çalışır. Hər bir verdiyi açıqlama ilə Şarmazanov hüquqi və siyasi savadsızlığını, yalnız məhdud daxili istehlaka yönəlmiş populizmlə məşğul olduğunu bir daha nümayiş etdirir. Bəzi məsələlər üzrə Şarmazanovun maarifləndirilməsinə ehtiyac vardır.

AzVision.az xəbər verir ki, bu sözləri KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan parlamentinin vitse-spikeri E.Şarmazanovun bəyanatını şərh edərkən bildirib.

XİN rəsmisi deyib: “Beynəlxalq hüquqda “uti possidetis” prinsipi müəyyən edir ki, dövlət müstəqilliyini əldə etdiyi halda onun mövcud sərhədlərinə hörmət edilməlidir. SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən keçmiş müttəfiq respublikaların, o cümlədən Azərbaycan və Ermənistan SSR-in sərhədlərinə münasibətdə “uti possidetis” prinsipi tətbiq olunub. 1988-ci il iyulun 18-də SSRİ Ali sovetinin prezidiumu Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalmasını bir daha təsbit edib. 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin prezidiumu Ermənistan SSR-in Ali sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair 1989-cu il 1 dekabr və 1990-cı il 9 yanvar tarixli qərarlarını SSRİ konstitusiyası əsasında qeyri-qanuni hesab edib. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan köklü Azərbaycan əhalisinə qarşı aqressiv separatizm əməlləri nəticəsində etnik təmizləmə törədildikdən sonra olaraq 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağın yalnız erməni əhalisinin iştirakı ilə qanunsuz və qeyri-legitim “referendum” keçirildi. Ermənistan tərəfinin əsassız olaraq istinad etməyə çalışdığı SSRİ-nin 1990-cı il 3 aprel tarixli “İttifaq Respublikalarının SSRİ-dən ayrılması məsələlərinin həll edilməsi prosedurlarına dair” qanunu respublikaların SSRİ-dən ayrılmasının spesifik prosedurlarını müəyyən etmişdi. Burada da müəyyən olunur ki, müttəfiq respublikanın mərkəzi hakimiyyətinin razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməzdi.

Beləliklə, keçmiş SSRİ hüquqi sistemi tərəfindən Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın birtərəfli qaydada aqressiv separatizm yolu ilə Azərbaycan SSR-in tərkibindən çıxması cəhdlərinin qeyri-qanuni xarakter daşıması konstitusional səviyyədə təsdiq edilmişdi.

Ermənistanın və Azərbaycanın müstəqilliyinin əldə etməsi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və aqressiv separatizm əməlləri açıq müharibə forması alaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmənin törədilməsi ilə nəticələndi.

MDB-nin yaranmasına dair 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyanatına əsasən Ermənistan və Azərbaycan digər keçmiş SSRİ respublikaları kimi “bir-birilərinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanımağa və hörmət etməyə dair” öhdəlik qəbul ediblər. İndi Ermənistan bu öhdəliyini inkar etməyə çalışır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq olunaraq, güc tətbiq olunması ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyi, o cümlədən 874 saylı qətnamədə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilib. Həmçinin qətnamədə Ermənistan qoşunlarının bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılması tələb olunur.

Erməni təbliğatı qəsdən yenə də tarixi saxtalaşdıraraq Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasının protokolunu təhrif edir. Şarmazanov və onun həmkarlarına xatırlatmaq istərdik ki, həmin protokolda Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması qeyd olunub və inzibati mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa vilayət muxtariyyəti verilib.

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının heç bir tarixi, hüquqi, siyasi və mənəvi əsası yoxdur.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən yaradılmış qondarma rejim yalnız işğal, təcavüz və qanlı etnik təmizləmənin nəticəsidir. Şarmazanov və onun kimiləri nəhayət başa düşməlidirlər ki, sivil dünya güc tətbiq edərək yaranmış vəziyyəti heç vaxt legitim qəbul edə bilməz.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin ediləcək”.

AzVision.az

Teqlər: XİN   Qarabağ