Dövlət qurumları gücləndirilmiş iş rejiminə keçdi

Dövlət qurumları gücləndirilmiş iş rejiminə keçdi
  30 Dekabr 2017    Oxunub:2031
Bu gündən etibarən Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar bir sıra qurumlar gücləndirilmiş iş rejimində işləyəcək.
Bayramla bağlı DİN rəhbərliyinin göstərişinə əsasən daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində çalışacaq.



Həmçinin dekabrın 31-də Bakı Metropoliteninin bütün stansiyalarında iş qrafiki dəyişəcək. Dənizkənarı Milli Parkda təşkil olunacaq atəşfəşanlıqdan sonra sakinlərin rahat mənzil başına çatması məqsədilə bayram günü metro stansiyaları saat 01:00-a kimi işləyəcək.



Bakı Nəqliyyat Agentliyi bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.



Bundan əlavə "Azəriqaz", "Azərişıq", "Azərsu", "Azərbaycan Dəmir Yolları" QSC, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, banklar və digər nazirliklər bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Yeni-il   Bayram  





Xəbər lenti