İşğalçı Ermənistanın cəbhədəki təxribatları - 12 ayın statistikası (VİDEO)

İşğalçı Ermənistanın cəbhədəki təxribatları - 12 ayın statistikası (VİDEO)
  31 Dekabr 2017    Oxunub:6120
2017-ci ildə işğalçı Ermənsitan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusuna qarşı təxribatlar davam etdirilib. İlin ilk 10 günlüyündən başlayaraq düşmən tərəf cəbhədə təxribatlar törətməyə başlayıb.

AzVision.az Azərbaycan Müdafiə Nazirliyinin indiyədək yaydığı məlumatlar əsasında cəbhədə il ərzində baş verən hadisələrin xronologiyasını hazırlayıb.
Kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb.

Bu il Azərbaycan ordusu ilk şəhidi yanvarın 15-də verib. Ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.



Erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.

Yanvarın 22-də isə dövlət sərhədində Ermənistana məxsus PUA məhv edilib.



Fevralın 5-də isə ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər Çingiz Qurbanovun nəşi geri qaytarılıb və fevralın 6-da vida mərasimi keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Fevralın 8-də Silahlı Qüvvələrimizin bölmələri düşmənin növbəti diversiyasının qarşısını alıb.



Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.



Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.

Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb.



Fevralın 22-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb. Düşmən itki verərək geri çəkilib.



Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Fevralın 24-dən 25-ə keçən gecə düşmən bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədib. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim oğlu, Əhmədov Elvin Süleyman oğlu şəhid olub.

Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.



Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.



Martın 2-də düşmənin təxribat qrupu məhv edilib. Elə həmin gün Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edildi. Həmçinin martın 2-də cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki PUA məhv edilib.



Martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Martın 12-də Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində düşmən 5 nəfərədək itki verib.



Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb. Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.



Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.



Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutub. Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki olmayıb.

Mayın 31-də cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib. Düşmən itkilərə məruz qalıb.



İyunun 1-də isə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.



İyunun 15-i və 16-da işğalçı qüvvələrin təxribatı nəticəsində 6 erməni hərbi qulluqçusu məhv edilib, bir neçəsi ilə yaralanıb.

İyunun 16-da Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.



İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

İyunun 21-də Ermənistana məxsus PUA məhv edilib.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.



İyulun 7-də Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna atəş zərbələri vurulub.



İyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.

Dekabrın 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.



Dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun cəbhə bölgəsində il ərzində 22 monitorinq keçirilib. Monitorinqlər insidentsiz başa çatıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Cəbhə   Təxribat   Ermənistan   İşğal  





Xəbər lenti