Mədət Quliyev hərbi hissədə bayram tədbirində

  31 Dekabr 2017    Oxunub : 643
Mədət Quliyev hərbi hissədə bayram tədbirində

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını ənənəvi olaraq hərbi hissənin şəxsi heyəti ilə birgə keçirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə general-leytenant Mədət Quliyev və tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar.

Bu əlamətdar bayramlar münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin bütün şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar diləyib.

General-leytenant Mədət Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə inkişaf edərək daha da qüdrətlənir. Prezident İlham Əliyevin ölçüyəgəlməz səyləri sayəsində Azərbaycanın 2017-ci ildə də möhtəşəm uğurlara nail olduğunu qeyd edən Mədət Quliyev dövlətimiz tərəfindən görülən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyətinin durmadan möhkəmləndiyini, Silahlı Qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi ilə Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü orduya çevrildiyini diqqətə çatdırıb. Bu isə xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, işğal olunmuş ərazilərimizin tam azad ediləcəyinə inam hissini və əzmini daha da artırıb.

General-leytenant Mədət Quliyev DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şəraitin yaradıldığını bildirib, Prezident İlham Əliyevin və xalqın göstərdiyi yüksək etimadı doğrultmağın, işğal altındakı Vətən torpaqlarını azad etmək üçün daim hazır olmağın başlıca məqsəd olduğunu qeyd edib.

Sonra hərbi hissənin xidmətdə fərqlənmiş əsgər və zabitlərinin mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmrləri elan edilib və həmin təltiflər general-leytenant Mədət Quliyev tərəfindən təqdim olunub.

Sonda DTX-nin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və respublikanın tanınmış incəsənət nümayəndələrinin vətənpərvərlik mövzusunda ifa etdikləri mahnılar böyük ruh yüksəkliyi və coşqu ilə qarşılanıb.

AzVision.az

Teqlər: DTX