General itən alpinistlərlə bağlı müşavirə keçirdi

  03 Yanvar 2018    Oxunub : 2217
General itən alpinistlərlə bağlı müşavirə keçirdi

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 3-də Fövqəladə Hallar Nazirliyində fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib.

Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunmuş, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilmiş və müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsini (1,4 metrədək qarın yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) nəzərə alaraq axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə, lakin fasiləsiz aparılır.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Meteoroloji şəraitdən asılı olaraq Fövqəladə Hallar Nazirliyinin helikopteri əməliyyata cəlb olunur. Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

AzVision.az

Teqlər: Alpinist   FHN