Politoloq: "İrandakı etirazlar əvvəlcədən planlaşdırılmışdı"

  04 Yanvar 2018    Oxunub : 1502
Politoloq: "İrandakı etirazlar əvvəlcədən planlaşdırılmışdı"
Artıq İranda hökumət əleyhinə keçirilən etirazlar başa çatıb. Rəsmi məlumata görə, ölkə üzrə iğtişaşlarda 15 min nəfər iştirak edib. İrandakı hadisələr son günlər dünyanın ən aktual mövzusuna çevrilib. Rəsmi Tehran iğtişaşlara görə ABŞ və digər Qərb ölkələrini, Amerika prezidenti Donald Tramp isə İran rəhbərliyinin yürütdüyü siyasəti sərt tənqid edir.
Ümumilikdə isə İranda nələr baş verir? Etirazlar kimlər tərəfindən törədilib?

İrandakı hadisələri AzVision.az-a şərh edən politoloq Fikrət Sadıqov hesab edir ki, qonşu ölkədə siyasi, sosial-iqtisadi, ideoloji problemlər mövcuddur.

“Hətta İran rəhbərliyi etiraf etdi ki, ölkədə sosial-iqtisadi problemlər mövcuddur və küçələrə çıxan insanların buna etiraz etmək hüquqları var. Eyni zamanda digər reallıq odur ki, bu hadisələrdən çox peşəkarlıqla istifadə edən xarici qüvvələr var. Onlar da bunu gizlətmirlər. Bu məsələdə Qərb hazırkı İran iqtidarının devrilməsində maraqlıdır. İran rəhbərliyinin yürütdüyü siyasət Qərbi qane etmir və onlar üçün idarəolunan “hökumət” lazımdır. Artıq etirazlar səngiyib. Hakimiyyət bundan nəticələr çıxarmalıdır. Problemlər varsa, onu həll etmək, islahatlar aparmaq lazımdır. Onları narahat edən məsələlər həll olunmalıdır”.

Politoloqun fikrincə, Qərb, xüsusilə ABŞ İranın beynəlxalq nüfuzunun artmasından narahatdır: “Hesab edirəm ki, Qərbin İranla bağlı tutduğu mövqe üç amillə bağlıdır. Birinci, İranın daxili-xarici siyasəti Qərbin xoşuna gəlmir. İkinci, İranın Yaxın Şərqdə aktiv rol oynamasıdır. İran beynəlxalq səhnədə, xüsusilə Yaxın Şərqdə çox aktiv rola malikdir. Suriyada İrana aid qüvvələr İŞİD-ə qarşı vuruşur, onlar Suriya hökumətinin müttəfiqinə çevriliblər. İran Yəməndə vuruşan husiləri dəstəkləyir. İranın bu mövqeyi isə faktiki olaraq Qərb, xüsusilə ABŞ tərəfindən qəbul olunmur. Ona görə də İranda bu tipli hadisələrin baş verməsi gözlənilən idi. Üçüncü, İranın nüvə proqramı ilə bağlı yürütdüyü siyasəti qeyd etmək olar.

Tramp hesab edir ki, keçmiş ABŞ prezidenti Barak Obama aldanıb və İran nüvə proqramına davam edir, vəziyyət əvvəlki səviyyədədir. Bu üç amil Qərbin, Xüsusilə ABŞ-ın narahatlığına səbəbdir. İrandakı etirazlar əvvəlcədən planlaşdırılmışdı. Bu, isə o deməkdir ki, İranda baş verənlər bəzi maraqlı qüvvələr tərəfindən edilib”.

F.Sadıqov Qərbin açıq şəkildə İranın daxili işlərinə müdaxilə etdiyini düşünmür: “Qərbdə başa düşürlər ki, müdaxilə etmək üçün orada müəyyən siyasi qüvvvələr, lider olmalıdır. Bunlar İranda müşahidə olunmur. Ona görə də açıq şəkildə müdaxilənin olmadığını düşünürəm. Çünki, İranda hazırkı hakimiyyət olduqca güclüdür. Onu açıq şəkildə xarici müdaxilə ilə devirmək olduqca çətindir. Hesab edirəm ki, yaxın gələcəkdə bunun olacağı gözlənilmir”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: İran   Etiraz   Fikrət-Sadıqov