Qızları ölümə aparan səbəblər: “Valideynlərin günahı böyükdür” (MÜSAHİBƏ)

Qızları ölümə aparan səbəblər: “Valideynlərin günahı böyükdür” (MÜSAHİBƏ)
  05 Yanvar 2018    Oxunub:5609
"Bütün günahı həkimin üstünə atmaq olmaz"

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədovanın AzVision.az-a müsahibəsi:
- Sevinc xanım 2017-ci ildə Doğuşayardım Komissiyası hansı işləri görüb?

-2017-ci ildə Doğuşayardım Komissiyyasının 20 iclası keçirilib. 20 iclasda hamiləlik, doğuş zamanı, erkən zahılıq dövründə tələf olan qadınların ölüm səbəbləri araşdırılıb. Komissiyanın tərkibində professor Rzaquliyevanın sədrliyi ilə hamiləlik zamanı kritik hallar üzrə sektor var. Sektorun iclasında ölümlə nəticələnməyən, lakin çox ağır vəziyyətdə olan və vəziyyətdən çıxan hamilə qadınların hamiləlik, doğuşu barədə müzakirələr, təhlillər aparılıb. Təhlillərə əsasən qadınların hansı səbəbdən belə hallara düşməsi və səbəblərin aradan qaldırılmasına yönəlmiş tədbirlər planı tutulub. Bu günə qədər Doğuşayardım Komissiyasının iclaslarının 19-u Bakıda, biri isə Gəncə şəhərində keçirilib. Komissiyanın tərkibində kritik halların təhlili sektorunda aparılan təhlillər nəticəsində təkliflər verilib. Həmçinin buna görə xüsusi kurslar təşkil olunub. Doğuşayardım sahəsində çalışan şəxslər bu kurslara cəlb olunub. Hal-hazırda bəzi həkim mama-ginekoloqlar kurslardan keçib. Hamiləlik registrinin təkmilləşdirilməsi riskli hamiləlik barədə operativ məlumatların alınmasına və onların təhlillərinə imkan yaradır. Registr nəinki Bakıda, regionlarda da tətbiq olunur və mütəmadi olaraq təlimlər keçirir.

- Ötən il ərzində doğum zamanı neçə ana ölümü hadisəsi qeydə alınıb?

-Ana ölümü halları keçən illərə nisbətən aşağıdır. İl ərzində rəsmi olaraq 20 ana ölümü qeydə alınıb. Əvvəlki illərdə bu rəqəmlər 45, 35,27 olub. Onların hər biri təhlil olunub və müvafiq tədbirlər görülüb, işçilər inzibati məsuliyyətə cəlb olunub.

- Ana ölümlərinə görə neçə nəfər cəzalandırılıb?

-Ana ölümlərinə görə 4 həkim tutduğu vəzifədən azad olunub. 40-a yaxın əməkdaşa (bunların içərisində həkimlər, terapevtlər, can həkimləri, anestizioloq var) sonuncu xəbərdarlıqla şidmətli töhmət elan edilib. Bu, o deməkdir ki, onların bir töhməti də olsa, işdən avtomatik azad olunurlar. Bundan əlavə 30-dan artıq tibb işçisinə töhmət verilib, 20-ə yaxın əməkdaşa - həkim, mamaçaya xəbərdarlıq olub və Doğuşayardım Komissiyasının qərarı ilə ixtisasartırma kurslarına göndərişlər edilib. Ümumilikdə isə bütün səhvləri həkimlərin üzərinə atmaq olmaz. Həkim oxuyur, bilir və bütün bildiklərini xəstəyə tətbiq edir. Əgər xəstə problemlidirsə, həkim əlindən gələn gələni edəcək. Hansı həkim istəyər ki, əlində kimsə ölsün və ya sağlamlığına ziyan gəlsin. Sadəcə xəstə ağır vəziyyətdə daxil olur, həkim əlindən gələni etsə də, onu xilas etmək mümkün olmur.



- Ana ölümlərinin əsas səbəbləri nədir?

- Azərbaycanda ilk hamiləlikdə qadınlar həvəsli olur və həkimə gedirlər. Bu, ilk 3 ay davam edir, bilmək istəyirlər ki, uşaq qız və ya oğlandır. Azərbaycanlı ailələrin əksəriyyəti buna meyillidir. Qanunla uşağın problemi və ya cinslə bağlı ilişkənliyi varsa, o zaman UZİ-də uşağın cinsiyyətinə baxmağa icazə verilir. Digər hallarda uşağın cinsinə baxıla bilməz. Həkimlərimiz əhalinin körpənin cinsini bilmək istəyindən istifadə edərək xəstənin bütün analizlərini etdirir və qeydiyyata salır. Hamiləliyin ilk 12 həftəliyində ola bilsin ki, hər şey yaxşı olsun. Lakin hamiləliyin müddəti artıqca, üstəlik anada xəstə orqan varsa, o zaman xəstə bədənə ikiqat təzyiq düşür. Nəticədə hamilə qadının səhhətində problemlər yaranır. Problemlərin yaranması hamiləliyin sonuna təsadüf edir və valideyn o müddətdə xəstəni həkimə aparmaq istəmir. İnsanlar bilməlidirlər ki, hamiləliyin 22-ci həftəsindən başlayaraq fəsadlar meydana çıxır. 22-ci həftəsinə qədər olan ürəkbulanma, qaytarama, müəyyən dermatiozlar, nadir halda olan toksikozlar hamilə qadını öldürmür, onlar hamilə qadının səhhətində ziyan vurur. Amma hamiləliyin 22-ci həftəsindən sonra hamiləliklə əlaqədar meydana gələn preklamsiyalar, qanın laxtalanması pozulması kimi fəsadlar ananın ölümünə səbəb ola bilər.

Hamilə qadının ayaqları şişir, böyrəyində ağrılar olur, sidiyində zülal əmələ gəlir, təzyiq kəllə-çarxa çıxır. Deyirlər ki, “keçib gedər, qarının böyüyür, limon ye, keçib gedər”. Lakin qadının bədənində hamiləliklə əlaqədar geri dönməz dəyişiklər baş verir. Qadına 28-ci həftədə həkim bildirir ki, həkimə gəlmək lazımdır. Vaxtında gəlmir, sonra bəhanələr gətirir. 32 həftəsində ayılır ki, bədəni şişib. Bu zaman vaxtından qabaq əməliyyat etməyə məcbur oluruq. Bu il dünyasını dəyişən 20 hamilə qadının yarısında hamiləlik yarımçıq bitib. Bundan əlavə, hamilə qadınların xəstəlikləri gizlədilir. İnsanlar bilməlidirlər ki, gəlin xəstədirsə, hamiləlik üçün tələsməyin. Gənc ailədir və uşaqları olacaq. İlk növbədə onları müalicə edin, sağaldın, sonra hamilə qalsın. Bizim əhali isə bunu etmir. Uşağını evləndirəndə, qızını ərə verəndə xəstəliklərini gizlədirlər. Hamilə olur, həkimə gəlir. Probleminin olub-olmadığını soruşursan, deyir ki, heç bir problemi yoxdur. Sağlam adama və ya daxili orqanlarında problem olanlara müxtəlif cür narkozlar verilir. Bu zaman doğuşayardımın, əməliyyatların, antenantal qulluğunun xidmətləri müxtəlif olur. Valideynlər bunu gizlədəndə isə problemlər olur. Rayonların birində valideyn hamilə qadının epilepsiyası olduğunu gizlədib, narkoz verilən zaman qıcolma olub, ana tələf olub. Buna görə anestezioloq cəzalandırıldı, lakin burada valideynlərin günahı böyükdür. Biz hər bir xəstənin başını aparata sala bilmərik.

- Qadın məsləhətxanalarına müraciət edənlərin sayı size qane edirmi?

- Ötən illərə nisbətən qadın məsləhətxanalarına gedənlərin sayı artıb. Bu, sırf təbliğatla bağlıdır. Regionlarda antenantal qulluğun keyfiyyəti yaxşılaşıb. Demək olar ki, burada vəziyyət yaxşıdır.

- Riskli hamiləliklə bağlı vəziyyət necədir, artım və ya azalma müşahidə edilirmi?

- Bütün dünyada riskli hamiləliklərin sayı ümumi hamiləliklərin 30-35 faizini təşkil edir. Azərbaycanda da bu rəqəm belədir. Demək olar ki, hər üç qadından biri risk qrupuna daxildir. Orta hesabla götürsək, 150 min hamilə qadından 50 mini riskli qrupa şamil olunur. Lakin onlar hamiləliyini düzgün təşkil edib, vaxtında düzgün antenantal quluq edəndə, riskdən çıxa bilirlər. Sağlam qadın ölmür. Tələf olursa, onun ya hamiləlikdən öncə və ya hamiləlik zamanı hansısa fəsadlaşması olub. Fəsadlaşmanı vaxtında aşkarlayıb, yardım etsək, ölüm baş verməz. Ümumilikdə isə 50 min riskli hamiləliyi olan qadının 20-si ölüb, 49980 hamilə qadın isə sağdır.



- Ölüm halları daha çox birinci, yoxsa təkrar hamiləlikdə olur?

- Yarsından çoxu təkrar hamilə qadınlardır. Onların birinci hamiləliyi normal keçib və fəsadlaşma olmadığından təkrar hamiləlikdə həkimə müraciət etmirlər. Yaş faktorunu, illər boyu yığılan ekzogenetal patalogiyaları nəzərə almırlar. Başa düşmürlər ki, təkrar hamiləlik birincidən riskli olur.

- Bu il vaxtından əvvəl doğuşlar nə qədər olub?

- Vaxtından əvvəl doğuşlar beynəlxalq statistikaya uyğun olaraq 10-15 faiz təşkil edir. Ümumdünya Səhiyyə Tışkilatının təsnifatına görə, hamiləliyin 22-27-ci həftəsində təxminən 10 faizə qədər uşaq doğulur və onlar vaxtından əvvəl doğulma sayılır. Hamiləliyin 28-ci həftəsindən 33-cü həftəsinə qədər isə 20 faiz uşaq doğulur. Hamiləliyin 34-cü həftəsindən 37-ci həftəyə qədər isə 70 faiz uşaq doğulur. Respublikada 150 min uşaq dünyaya gəlirsə, bunun 15 mini vaxtından əvvəl doğulur.



İl ərzində doğuşlara görə rəqəmlər artır və ya azalır. Avropa ölkələrində il ərzində 500 qramlıq 100-120 uşaq doğulur. Azərbaycanda 2016-cı ildə 273 belə uşaq doğulub. 2017-ci ildə isə belə doğuşların sayı 200-ə yaxındır. Onların yaşamaq əmsalı çox aşağıdır. Bu, bütün dünyada belədir. 22 həftədə dünyaya gələn dölün çəkisi 500 qram, boyu 25 sm olur. Bu standartdır. Lakin 22-ci həftədə uşaq 300 qram doğulubsa, az bədən çəkili və inkişafı ləngimiş uşaq sayılır. 22-ci həftədə 800 qramlıq uşaq doğulubsa, demək xəstədir. Diri doğulmanı yalnız doğulmuş uşaqlara tətbiq edilir. Doğuş vasitəsilə işıq üzü görənlərə diri doğulub, ya ölü doğulub deyilir. Diri doğulmanın meyarı müxtəlifdir. Uşaq səs çıxarırsa, qeyri-iradi hərəkət edirsə, deməli, diri doğulub. Diri doğulma meyarını çox vaxt doğuş meyarı ilə səhv salırlar.

- Həmin uşaqlardan neçəsi sağ qalıb?

- 2016-cı ildə bu rəqəm 273 idisə, bunun 50 faizi sağdır. Ötən il isə 200-ə yaxın vaxtından əvvəl doğuş olub. Uşaqların nəq ədərinin sağ qalıb-qalmadığı barədə isə ümumi məlumat yoxdur.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti