Polkovnik Ramaldanov: “Aprel döyüşləri Horadiz əməliyyatının davamıdır”

Polkovnik Ramaldanov: “Aprel döyüşləri Horadiz əməliyyatının davamıdır”
  05 Yanvar 2018    Oxunub:5174
"Horadiz əməliyyatının uğurlu olmasının səbəbkarı mərhum prezident Heydər Əliyevdir. Ulu öndərin çağırışından sonra heyət səfərbər oldu və hücum əməliyyatları həyata keçirildi".

AzVision.az xəbər verir ki, bunu Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Polkovnik qeyd edib ki, bu döyüşlər Azərbaycan xalqının qürur mənbəyidir: "Heydər Əliyevin xeyir-duası ilə hücum əməliyyatı keçirildi. Düşməni 25-30 kilometr qova bildik. Xeyli itkiyə məruz qalan erməni tərəfi Bişkek protokolunu imzalamağa məcbur oldu. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu bir daha qəhrəmanlığını göstərdi. Bu zərbədən sonra düşmən hələ də özünə gəlməyib. Azərbaycan əsgərinin gücünü bütün dünya, o cümlədən düşmən Ermənistan bilir. Artıq Ermənistan rəhbərliyi müharibə başlayacağı halda, onları nələrin gözlədiyini anlayır. Artıq öz narahatlıqlarını ifadə edirlər. Əgər Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad edərsə, erməni analarının gözü yaşlı olacaq".

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Horadiz əməliyyatı Aprel döyüşlərinin başlanğıcıdır: "Aprel döyüşləri bunun davamı idi. İnanıram ki, bundan sonra bizim belə qələbələrimiz olacaq".

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 24 il ötür. Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Horadiz   Aprel-döyüşü   Ramaldanov  





Xəbər lenti