Alpinistlərin itkin düşməsinə görə cəza - 5 ilədək həbs gözlənilir

Alpinistlərin itkin düşməsinə görə cəza - 5 ilədək həbs gözlənilir
  06 Yanvar 2018    Oxunub:14622
Xəbər verdiyimiz kimi, 3 alpinistin Quba rayonu ərazisində itkin düşməsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə yaydığı məlumata əsasən, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Açılan cinayət işi çərçivəsində kimin və ya kimlərin təqsirləndiriləcəyi məlum olmasa da, müvafiq qanunvericiliyin tələbinə əsasən Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunan şəxs beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, 2017-ci ilin dekabrın 23-dən etibarən “Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb.

AzVision.az


Teqlər: Alpinist  





Xəbər lenti