Prezidentdən fermerlərə dəstək - 160 milyon ayrılacaq

Prezidentdən fermerlərə dəstək - 160 milyon ayrılacaq
  11 Yanvar 2018    Oxunub:2603
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulduğunu bildirib.
Ölkə başçısı qeyd edib ki, buraya əsasən taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər avadanlıq daxildir.

Prezident kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyinin vacibliyini vurğulayaraq deyib: “Dövlət vəsait ayırır, texnika gətirir, lizinq yolu ilə fermerlərə verir. Yəni, kənd təsərrüfatı dövlətin dəstəyi olmadan inkişaf edə bilməz. Bunu hamı bilməlidir. Əlbəttə ki, rentabellilik olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla gedirik. Ona görə əgər hansısa kənd təsərrüfatı sahəsində istehsal o qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə düzəltmək lazım deyil. Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək. Necə ki, biz indi kənd təsərrüfatının istehsalında bu artımı görürük”.

Prezident qeyd edib ki, əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı. “Biz indi meliorativ tədbirlər də görürük. Biz unudulmuş sahələri də bərpa edirik, o cümlədən zeytunçuluğu. Bu il minlərlə hektarda zeytun bağları salınacaq. Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır”, - deyə dövlət başçısı bildirib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti