Ötən il tarixi qoruqları 166 min turist ziyarət edib

Ötən il tarixi qoruqları 166 min turist ziyarət edib
  11 Yanvar 2018    Oxunub:2121
2017-ci ildə Qobustan Milli Tarixi-Bədii Qoruğuna 80 min 126 turist gəlib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, onların 39 min 561-i xarici ölkə vətəndaşlarıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər.

2016-cı ildə qoruğu 65 min nəfərdən çox turist ziyarət etmişdi.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da ötən il turistlər üçün cəlbedici məkanlardan olub. Ötən il Atəşgahı ziyarət edən turistlərin sayı 30 min 751 nəfər təşkil edib. Onların 25 min 346-sı xarici vətəndaşlardır. Atəşgahı ziyarət edən xarici ölkə vətəndaşlarının çoxunu Rusiya və ərəb ölkələrindən gələn turistlər təşkil edib.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu isə il ərzində 63 min 574 nəfər turist ziyarət edib. Onlardan 54 min 717-ni xarici turistlər təşkil edib. Bu məkana da daha çox Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və başqa ölkələrdən turistlər gəlib.

Quba Soyqırımı Memorial Kompleksini ötən il 77 min 856 nəfər, Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunu 56 min 742 nəfər ziyarət edib. Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğuna (İsmayıllı) 40 min 182, Kiş Tarixi-Memarlıq Qoruğuna (Şəki) 25 min 850, Zaqatala Tarix-Mədəniyyət Qoruğuna 20 min 700 nəfər baş çəkib.

Qeyd edək ki, 2016-cı ildə tarix və mədəniyyət qoruqlarını 356 min nəfər ziyarət etmişdisə, 2017-ci ildə bu rəqəm 486 min 273 nəfər olub. Onlardan 166 min 153 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür.

AzVision.az


Teqlər: qoruq   turist  





Xəbər lenti