Radikallığı təbliğ edən 63 kitab ölkəyə buraxılmayıb

Radikallığı təbliğ edən 63 kitab ölkəyə buraxılmayıb
  11 Yanvar 2018    Oxunub:1546
“2017-ci il ərzində Azərbaycanda ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb”.
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov qurumun 2017-ci ilin yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, hesabat dövrü ərzində ümumilikdə nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib.

Hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.

O, 2017-ci ildə Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini, aidiyyəti qurumlarla birlikdə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirildiyini deyib. Bildirib ki, maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi 149 layihə icra olunub. Eyni zamanda, ötən ildə Dövlət Komitəsi tərəfindən maarifləndirici xarakterli 80-dən çox dini təyinatlı çap məhsulları nəşr edilib.

AzVision.az


Teqlər: dini-kitab   radikal  





Xəbər lenti