“Dəm qazından zəhərlənənlərin sayı 4 dəfə artıb” - Toksikoloq

“Dəm qazından zəhərlənənlərin sayı 4 dəfə artıb” - Toksikoloq
  15 Yanvar 2018    Oxunub:1465
“Son illər Azərbaycanda dəm qazı və yanma məhsullarından zəhərlənmə hallarında artma tendensiyası qeyd olunub. Əgər 2007-ci ildə toksikologiya mərkəzində bu cür hospitalizasiyaların sayı 173 nəfər idisə, 2017-ci ildə bu rəqəm 4 dəfə artıb”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev deyib. Onun sözlərinə görə, bu vəziyyətin təkcə Azərbaycan üçün səciyyəvi olduğunu düşünmək səhvdir. Belə ki, ABŞ-da hər il dəm qazı ilə 10 mindən çox zəhərlənmə hadisəsi baş verir. Avropa ölkələrində isə dəm qazı ilə intoksikasiya alkohol və onun surroqatları ilə zəhərlənmələrdən sonra stabil ikinci yeri tutur.

O, qeyd edib ki, Azərbaycanda dəm qazı ilə zəhərlənmələrin böyük əksəriyyəti ilk növbədə, əhali tərəfindən sertifikasiyadan keçməmiş qızdırıcı cihaz və sistemlərdən istifadə etdikdə, habelə, onların quraşdırılma və işlədilməsi zamanı təhlükəsizlik texnikasının qaydalarının pozulması nəticəsində baş verir:

“Praktikamızda vətəndaşların bilərəkdən qaz sobasının çıxış dəliyini kömürlə tıxadığını (belə düşünürlər ki, bu yolla əmələ gələn dəm qazını kömür udacaq) və ya bacanın büzməli borusunu su ilə dolu vedrəyə salmasını, qaz filtrinin çıxarılmasının şahidi olmuşuq. Dəm qazı ilə zəhərlənmələrin profilaktikası üçün “pyatiminutka” adlanan qaz kolonkaları yerləşdirilmiş vanna otaqlarında mütləq ventilyasiya pəncərələri olmalı, bacaların hava çəkməsi mütəmadi olaraq yoxlanılmalıdır. Belə olur ki, küləkli günlərdə yanma məhsulları bacadan geriyə ötürülərək insanların zəhərlənməsinə gətirib çıxarır”.

AzVision.az




Teqlər: dəm-qazı   zəhərlənmə  





Xəbər lenti