Avrosoysuzlar | Qərbdə onlara nə veriblər ki, hətta bacıdan və atadan da dəyərli olub?!

Avrosoysuzlar | Qərbdə onlara nə veriblər ki, hətta bacıdan və atadan da dəyərli olub?!
  15 Yanvar 2018    Oxunub:23085
Azərbaycan xalqının dəyərlərində ana, ata, bacı kimi məfhumlar həmişə yüksək yer tutub, toxunulmaz hesab olunub. Ananı, atanı, bacını üzmək yolverilməz hal kimi qarşılanıb.
Belə bir deyim də var ki, Vətən sevgisi öz qayəsini anaya, bacıya olan məhəbbətdən götürür. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüş meydanlarına atılan vətənpərvər gənclərimiz əllərində bir şüarı bayraq kimi tutmuşdular: “Vətəni qorumaq atamızın qeyrətini, anamızın namusunu qorumaq deməkdir!”. Məhz bu yolda minlərlə igidimiz canını Vətən uğrunda fəda etdi...

Bu dəyərlər indi də cəmiyyətimizdə qorunub saxlanılmaqdadır. Hər bir oğul öz valideynlərinə, bacısına böyük qayğı, diqqət və nəvaziş nümayiş etdirməyə çalışır.

Lakin “meşə çaqqalsız olmaz” deyirlər. Bir neçə ay bundan əvvəl Hollandiyada yaşayan və ermənipərəst mərkəzlərin diqtəsi ilə anti-Azəbaycan çağırışları edən Orduxan Teymurxan adlı bloggerin əməllərinə görə doğma bacısı ondan imtina etmişdi. Yəqin ki, bir Azərbaycan kişisi üçün bundan ağır heç nə ola bilməz. Bloggerin yaxın qohumları onun axmaq əməllərindən utandıqlarını bildirsələr də, bu, Orduxan üçün heç nəyi dəyişmir. Onun maraqlandıran özünün Avropadakı rahat həyatıdır...

Hollandiyada bəy kefində yaşayan bu şəxs özünü Vətən uğrunda çalışıb-vuruşan bir “fədai” kimi təqdim etməyə çalışır. Belə bir təəssürat yaratmağa cəhd edir ki, guya onu Avropanın mərkəzində yaşamağa vadar edən, lüks həyat yox, qəlbindəki “Azərbaycan sevgisi”dir.

Amma ailə dəyərlərini hər şeydən üstün tutan Azərbaycan cəmiyyətini bu gedişlərlə aldatmaq mümkün deyil. Orduxan çemodanlarını götürüb, Hollandiyaya köçərkən hər şeyi düşündü, lakin bu vacib məqamı unutdu. Unutdu ki, ailəsinin imtina etdiyi bir şəxsi cəmiyyətdə heç kim normal qarşılamayacaq. Hazırda biz xalqın tərəzi gözünün necə zərgər dəqiqliyi ilə işlədiyinin şahidiyik...

Bacısının polis bölməsinə çağırıldığını uyduraraq, iyrənc bir şou düzəldən Orduxan “qəhrəman qardaş” imici yaratmağa çalışsa da, alınmadı. Bu gedişilə xaricdəki anti-Azərbaycan şəbəkəsindən əlavə maliyyə və imtiyazlar qopara bilsə də, Azərbaycanın daxilində proses onun əleyhinə işlədi. Doğma bacısını öz çirkin oyunlarına alət edən şəxslərlə bağlı bizim cəmiyyətdə çox gözəl ifadə işlədilir: “Qeyrətsiz”. Bu söz damğa kimi onun alnına vuruldu.

“Siyasi mühacir” adı ilə Fransada sığınacaq tapmış daha bir blogger Məhəmməd Mirzəlinin də eyni yolu getməsi isə göstərdi ki, Orduxan istisna deyil. Vətəni kimi, ailəsini də satmaq xaricə qaçan “mühacirlər” üçün adi haldır.

Məhəmməd Mirzəli də valideynlərinin təkidli xahiş və tələblərini heçə sayaraq, xaricdən Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan bloggerlərdəndir. Nəticədə onun da atası xalqın qınağından utanaraq, ürəyinə daş basıb, övladından imtina etmək məcburiyyətində qaldı. Valideyn olanlar bu dərdi yaxşı anlayar ki, övladdan imtina etmək üçün insan hansı həddə gəlib çatmalıdır... Atanı buna vadar etməyə dəyərdimi?

Uğurlarınızla valideynlərinizi sevindirmək varkən, niyə onları el arasında başıaşağı edirsiniz? Niyə ən yaxın doğmalarınızı sizlərdən imtina etmək məcburiyyətində qoyursunuz? Axı, nəyin müqabilində?!

Sual ritorikdir. Doğmalarınızı nəyin müqabilində atdığınız bəllidir. Amma ötən müddət ərzində dəyişən nə oldu axı?! Sizə Avropada nə verdilər ki, beşiyiniz başında lay-lay deyən ananızdan, çörəyini yediyiniz atanızdan, qeyrətini çəkməli olduğunuz bacınızdan daha dəyərli oldu?

Hər şey aydındır: ailə üzvlərin belə asanlıqla itirməyə razılaşan (na)kəslər üçün ölkəni satmaq nədir ki?

Ceyhun Əhmədli
AzVision.az


Teqlər: #Adam-kişi-olar  





Xəbər lenti