Çingiz Sadıxovla son görüş - Yenilənib (FOTOLAR)

Çingiz Sadıxovla son görüş - Yenilənib (FOTOLAR)
  16 Yanvar 2018    Oxunub:6462
Azərbaycanlı tanınmış pianoçu, xalq artisti Çingiz Sadıxovla “Təzəpir” məscidində vida mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, vida mərasimində xalq artistinin ailə üzvləri, Azərbaycanın tanınmış elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Fərhad Bədəlbəyli, Ağaverdi Paşayev və başqaları iştirak ediblər.
Mərasimdə çıxış edən Bakl Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli musiqiçinin yaradıcılığından danışıb. O qeyd edib ki, Azərbaycan musiqisində Ç. Sadıxovun özünəməxsus yeri və xidmətləri var.

Vida mərasimindən sonra mərhum II Fəxri Xiyabandan dəfn olunub.

***

Azərbaycanlı tanınmış pianoçu, xalq artisti Çingiz Sadıxovla “Təzəpir” məscidində vida mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, vida mərasimində xalq artistinin ailə üzvləri, Azərbaycanın tanınmış elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

O, Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib.

Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb, 2017-ci il dekabrın 30-da vəfat edib.















Şəhanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Vida-mərasimi   Çingiz-Sadıxov  





Xəbər lenti