“Bağçalarda qiymətləri qanun müəyyən etmir” - Komitə sədri

  17 Yanvar 2018    Oxunub : 633
“Bağçalarda qiymətləri qanun müəyyən etmir” - Komitə sədri

“Bağçalarda qiymətləri qanun müəyyən etmir. Qiymət bazar münasibətlərinə uyğun olaraq tələb-təklif, məktəbəqədər təhsil müəssisələrinin imkanlarına əsasən müəyyən olunur”.

Bu barədə AzVision.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, bəzi bağçalarda süni qiymət artımlarına rast gəlinir.

“Müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin bağçalar yoxlanılır, Təhsil Nazirliyi tərəfindən müəyyən qədər onlara nəzarət olunur. Süni qiymət artımına qarşı mübarizə hamımızın işidir. Qanunda yüksək qiymət normaları müəyyən olunmayıb. Bunu fərdi qaydada hər bir bağça özü müəyyən edir. Hesab edirəm ki, bu, doğru deyil. Qiymətlər əmək bazarının tələbatına uyğun olmalıdır ki, əhalinin bütün təbəqəsi özəl bağçalardan istifadə edə bilsin”.

Komitə sədri bildirib ki, “Məktəbəqədər təhsil haqqında” qanun işləyir və bu, sistemin inkişafına böyük kömək olur: “Ölkə başçısı İlham Əliyevin müəyyən etdiyi strategiya əsasında həm paytaxt ərazisində, həm də regionlarda məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir. Prezidentin tapşırığına əsasən, Bakıda tikilən çoxmərtəbli binaların hamısının birinci mərtəbəsində bağçaların açılması planlaşdırılır. Bu, o deməkdir ki, bundan sonra Bakı ərazisində tikiləcək çoxmərtəbli binaların birinci mərtəbəsində bağçanın olması mütləqdir. Həmçinin ölkə üzrə məktəbəqədər təhsil sahəsində hazırlıq qruplarının yaradılması həyata keçirilir. Bundan əlavə, ölkə başçısı bu günlərdə “Məktəbəqədər təhsil haqqında” qanunun müddəalarının həyata keçirilməsinin maliyyələşməsi mexanizmlərini imzalayıb. Bu istiqamətdə yeni proqramların həyata keçirilməsinə şərait yaradılıb”.

Aytən Zəhra
AzVision.az

Teqlər: İsa-Həbibbəyli   Bağça