20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım edilib

20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım edilib
  18 Yanvar 2018    Oxunub:3217
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərlərinin də iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səslənib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib:



“Silahlı təcavüz nəticəsində günahsız insanların misli görünməmiş vəhşiliklərlə, xüsusi qəddarlıqla qətlə yetirilməsi insanlığa qarşı cinayət olmaqla, o zaman onsuz da sonu çatmaqda olan sovet imperiyasının mahiyyətini açıb göstərdi. Həmin hərbi təcavüz Azərbaycan xalqının nəinki müstəqillik əzmini sındıra bilmədi, əksinə, milli azadlıq ruhunu daha da gücləndirdi. 20 Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi naminə canlarını fəda edən Vətən övladları tariximizin yeni qəhrəmanlıq səhifəsini yazdılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi “20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”.



Nazir vurğulayıb ki, faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də Ulu öndərimiz Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, cənab İlham Əliyevlə birgə heç kimdən və heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi idi. S.Müslümov 1990-cı ilin yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi məqsədilə Ulu öndərimiz Heydər Əliyevin mühüm tarixi xidmətlərini diqqətə çatdırıb: “Eyni zamanda, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi tədbirlərinə başlanması da məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”.



Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan nazir bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin Bakıda “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb: “Cənab Prezidentin əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmalarına şərait yaradıb. Bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib. Həmin insanlar Azərbaycan Prezidentinin aylıq təqaüdləri (20 Yanvar şəhidi fəxri adı almış insanların ailələri ayda 300 manat, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş I qrup əlillər 165 manat, II qrup əlillər 143 manat, III qrup əlillər 110 manat) ilə təmin olunurlar. Bu təqaüdlə bərabər, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, onların uşaqlarına, habelə 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə aylıq sosial müavinət ödənilir. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqının da dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Milli qanunvericilikdə bu təbəqədən olan insanlar üçün bir sıra güzəşt və imtiyazlar da nəzərdə tutulub”.



S.Müslümov hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardmlar verildiyini də diqqətə çatdırıb: “20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq da bu günlərdə ümumilikdə 412 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə (o cümlədən 115 şəhid ailəsi və 297 nəfər 20 Yanvar əlili) birdəfəlik maddi yardımlar ayrılıb”. Nazir qeyd olunan insanların sosial müdafiəsinin gücləndirilməsi istqamətində bundan sonra da müvafiq tədbirlərin davam etdiriləcəyini vurğulayıb. Tədbirdə qeyd olunub ki, ƏƏSMN tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi işlərinin dəstəklənməsi də diqqətdə saxlanılır. 20 Yanvar şəhidlərindən bəhs edən və 27 il əvvəl kiril qrafikasında nəşr olunmuş “Şəhidlər” kitabı da nazirliyin dəstəyi ilə latın qrafikasında, həm də əlavə və düzəlişlərlə, daha təkmil şəkildə yenidən işıq üzü görüb.



Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri həmçinin “Şəhidlər” kitabının müəllifi yazıçı-publisist Rafiq Səməndər 1990-cı ilin yanvar hadisələrindən bəhs edib, 20 Yanvarın təkcə faciə günü deyil, tariximizin mübarizlik və qəhrəmanlıq səhifəsi də olduğunu qeyd ediblər. Onlar Milli Qəhrəmanların tanıdılması sahəsində aparılan işlərə, habelə Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının nəşrinə, eləcə də hazırda təqdimatı olan “Şəhidlər” kitabının yenidən nəşr olunmasına nazirlik tərəfindən dəstək verilməsini yüksək dəyərləndiriblər.

AzVision.az


Teqlər: ƏƏSMN   20-Yanvar  





Xəbər lenti