“Böyüyəndə polis olmaq istəyirəm…” – Kənd məktəbindən REPORTAJ (FOTOLAR)

“Böyüyəndə polis olmaq istəyirəm…” – Kənd məktəbindən REPORTAJ (FOTOLAR)
  18 Yanvar 2018    Oxunub:26205
Elm elə bir xəzinədir ki, nə qədər sərf etsən, bir o qədər artar. Elmsiz adam meyvəsiz ağac kimidir. Boşuna deməyiblər ki, beşikdən qəbrə qədər öyrən...

Oxumaq, biliyə yiyələnmək üçün üz tutduğumuz məktəb həm də ikinci evimiz olub. Məktəbin yaxşı vəziyyətdə olması isə şagirdlərin dərsə həvəslə gəlməsinə, onların yaxşı oxumasına təsir göstərir.
Qubanın Cağacıq kəndinin azyaşlı sakinlərinin artıq ikinci yeni evləri var. Cağacıq kənd ibtidai orta məktəbi əvvəllər sakinlərin sayı az olduğundan cəmi iki otaqlı məktəb binasında fəaliyyət göstərib. Son illər kənd sakinlərinin sayının artması ilə əlaqədar yeni məktəb binasına ehtiyac yaranıb. Bu səbəbdən Təhsil Nazirliyi tərəfindən Cağacıq kəndində yeni modul tipli məktəb binası tikilib.



Təhsil Nazirliyinin təşkil etdiyi mediatur zamanı jurnalistlər Cağacıq kəndində inşa edilən yeni modul tipli məktəblə tanış olublar. Cağacıq kənd məktəbinin direktoru Fabil Ağayev bildirib ki, köhnə məktəb binası darısqal və şəraitsiz olub. Yeni məktəbdə isə müəllim və şagirdlər üçün hər bir şərait yaradılıb.

“Yeni tikilən modul tipli məktəbdə 6 sinif otağı var. Hazırda məktəbdə 5 sinif komplekti fəaliyyət göstərir. Yaxın vaxtlarda məktəbdə kompüter otağı hazırlanacaq. Hazırda bizim məktəbdə 52 şagird təhsil alır. Bunların 27-i qız, 25-i oğlandır”.



Jurnalistləri sinif otaqları isə tanış edən direktorun sözlərinə görə, Cağacıq kəndində çalışan müəllimlər diaqnostik qiymətləndirmədə 80 faizdən yüksək nəticə göstəriblər. Buna görə onların çalışdığı məktəbdə zəif nəticə göstərən şagird demək olar ki, yoxdur.

“Bizim məktəb iki fənn - Riyaziyyat və Azərbaycan dili üzrə ixtisaslaşıb. Şagirdlər ibtidai sinfi burada bitirdikdən sonra Talıbqışlaq kənd tam orta məktəbində və ya Paşaoba kənd tam orta məktəbində təhsillərini davam etdirirlər. Ümumilikdə isə şagirdlərin 100 faizi təhsilini davam etdirir. Biz onları 9-cu sinifə qədər izləyirik. Rusiyaya və ya Bakıya gedənlər bizim sıralarımızdan çıxır ki, onları izləmək mümkün olmur. Şagird sayının artması ilə məktəbin 9 illik olması mümkündür. Məktəbdə hazırda xarici dil müəllimi yoxdur. Növbəti tədris ilində qonşu məktəbdən ingilis dili müəllimi cəlb edəcəyik”.



Direktorla söhbətdən sonra müəllim və şagirdlərlə görüşdük. 31 ildir müəllim işləyən Cəmilə Ağayeva ömrünün 27 ilini Cağacıq ibtidai məktəbində keçirib. Əvvəllər dağ kəndində yaşayaan Cəmilə müəllimə yola və şəraitə görə Cağacıq kəndinə köçüb.

“Müəllim peşəsi şərəfli və çətin peşədir. Bu işin öhdəsindən gəlmək çox çətindir. Oxuyan şagirdləri görəndə müəllim sevinir və qürur hissi duyur. Məktəbimizin məzunlarını pedaqoji universitetlərdə, Bakı Ali Neft Məktəbində görürük. Kurikulum sisteminə keçəndən sonra tədris bir az dəyişilib. Bu sistemdə nəticə əldə etmək olur, lakin şagirdlərə daha çox sərbəstlik verilir”.



Cəmilə müəllimənin dərs dediyi 2-ci sinif şagirdi Aysel Osmanova məktəb hazırlıqlarının çətin olmadığını söyləyib. Sevimli fənni Azərbaycan dili olan Aysel gələcəkdə həkim olmaq istəyir.



1-ci sinifdə oxuyan Baba Heybətov da məktəbə həvəslə gəlir, dərslərindən əla qiymət almağa can atır. Təbiətcə utancaq olduğunu deyən Baba böyüyəndə polis olmaq istədiyini dilə gətirib.



Hazırlıq sinfinin müəllimi olan Vüsalə İsayevanın bildirdiyinə görə, o, artıq 7 ildir bu məktəbdə çalışır. Əvvəllər dağ məktəbində işləyən Vüsalə müəllimə ailə qurduqdan sonra təyinatla Cağacıq ibtidai məktəbində işə başlayıb: “Bizim sinifdə 10 şagird var. Oğlanların sayı qızlardan çoxdur”.

Hazırlıq sinfinin şagirdləri ilə görüş zamanı onların bilik və bacarıqları ilə maraqlandıq. 5 yaşlılar bəzi hərfləri tanımaqla yanaşı, saymağı, sadə riyazi əməlləri də öyrəniblər.



4-cü sinif müəlliməsi Rəbinə Ağayeva şagirdlərdən bəzilərinin riyaziyyata, bəzilərinin texnologiyaya meyilli olduğunu söyləyib.

“Riyaziyyata meyilli olanlar digər elmləri daha tez qavrayır. Valideynlər məktəbə gələrək, övladlarının təhsili ilə maraqlanırlar. Təzə məktəbin tikilişini şagirdlər və biz səbirsizliklə gözləyirdik. Şagirdlərdə həvəs hiss olunur, dərsdən qalmağa çalışmırlar, evdən tez gəlib, dərslərini oxuyurlar”.



Məktəblə tanışlığı bitirdikdən sonra Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev rayonda təhsilin keyfiyyəti, yeni tikilən məktəblər barədə jurnalistləri məlumatlandırıb. Şöbə müdiri bildirib ki, rayonda hazırda 135 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 27-i ibtidai, 43-ü ümumi orta, 65-i tam orta məktəbdir.



“2018-ci ildə rayon Təhsil Şöbəsi tərəfindən Təhsil Nazirliyinə verilmiş sifariş əsasında 6 modul tipli məktəbin tikintisi gözlənilir. Bunlar Dərk, Qarxun, Zıxır, Qıraqlı-Cəkli, Carxacu kənd ümumi orta mətkəbləri və Alıc kənd ibtidai məktəbidir. Bu məktəblər coğrafi və relyef baxımından dağlıq ərazilərdə yerləşir. Elə kəndlərimiz var ki, ümumi orta təhsili bitirəndən sonra şagirdlərin tam orta təhsil almasında böyük çətinlik yaşanır. Quba rayon mərkəzindən 72 km aralıqda yerləşən Mucu kənd, Carxacu kənd, Qarxun kənd, Söhüb kənd, Zeyid kənd ümumi orta məktəblərini qeyd etmək olar. Bu kəndlərdə şagirdlər ümumi orta təhsili bitirdikdən sonra peşə məktəblərinə və orta ixtisas müəssisələrinə üz tuturlar. Onlar rayon mərkəzinə köçür, ya da qohumlarının evində qalırlar. Dağ kəndlərində təxminən 70-80 faiz şagird təhsilini davam etdirir. Qubada ən az şagirdi olan məktəblər də var. Bunlardan biri Nügəh kənd ümumi orta məktəbidir. Dağlıq ərazidə yerləşən məktəbdə cəmi 17 şagird təhsil alır”.

Təhsil şöbəsinin müdiri qeyd edib ki, hazırda Quba məktəblərində dərs deyən müəllimlərin 20-25 faizi yerli sakinlərdir. Digərləri isə ölkənin digər yerlərindən işləməyə gələnlərdir.

“Qubanın ucqar dağ kəndlərində, Xınalıq, Zeyid və digər yerlərdə gənc müəllimlər qışın sərt soyuğundan qorxmadan işləyirlər. Hazırda say etibarı ilə deyə bilməsək də, dağlıq ərazilərdə yerləşən bəzi məktəblərdə müəllimlərə ehtiyac var”.











Aytən Zəhra
AzVision.az

Qalereya




Teqlər: Quba   Kənd   Məktəb  





Xəbər lenti