Fransa rəsmi Bakının tələbini yerinə yetirəcəkmi? - ŞƏRH

Fransa rəsmi Bakının tələbini yerinə yetirəcəkmi? - ŞƏRH
  18 Yanvar 2018    Oxunub:2318
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində ötən gün bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuenlə görüşüb. Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar.
Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib. O, 2018-ci ilin 18 yanvar tarixində Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri ilə görüşəcəyini bildirib.

E.Məmmədyarov Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qanunsuz əlaqələr yaratması, qondarma rejimin təmsilçiləri kimi özünü təqdim edən şəxslərin Fransa ərazisinə daxil olması kimi faktların ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransanın mərkəzi hökuməti tərəfindən qarşısının alınmasının vacibliyini bildirib.

Fransa rəsmi Bakının istəyini yerinə yetirəcəkmi?

Politoloq Fikrət Sadıqov AzVision.az-a bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın Ermənistanla münasibətləri kifayət qədər yaxındır. Azərbaycan isə Fransadan bu məsələdə, separatçıların qarşısının alınmasında irəliləyişə nail olunmasını gözləyir:

"Biz həmsədrlərin fəaliyyəti ilə münaqişənin həllinə müəyyən ümidlər bəsləyirik. Çünki bir çox hallarda məsələnin həlli onlardan asılıdır. Fransada yeni prezident seçilib. Ona görə də bu ölkənin siyasətində yeni fikirlər irəli sürülür, mövqelər yenilənir. Bu, Fransanın beynəlxalq münasibətlər sistemində yeni bir müasirləşmiş siyasi addımlarının atılmasına imkanlar və şərait yaradır. Fransa ATƏT-in Minsk qrupunun həmsədridirsə, seyrçi mövqedə dayanmamalıdır. Ona görə də işğalçı dövlətə müəyyən təzyiqlər göstərilməlidir. Bu məsələnin həllində fəal mövqe tutmaldıır. Düşünürəm ki, bizi Parisdə eşitdilər”.

Politoloq hesab edir ki, istənilən halda Fransa Ermənistana, ermənilərə qarşı mövqeyini ciddi, tam radikal şəkildə dəyişməyəcək: “Bununla belə Azərbaycan tərəfinin qaldırdığı məsələ ilə bağlı Fransanın xarici siyasətində atacağı addımlara yeni cizgilər, elementlər əlavə oluna bilər. Bu, Azərbaycanın Fransa ilə münasibətlərindən asılıdır. Həmçinin daha güclü və hücumedici addımlarımızla bağlıdır. Biz ATƏT-in Minsk qrupu formatı çərçivəsində mövqeyimizi qəti, prinsipial şəkildə bildirməliyik. Həm də Azərbaycan normal kompromislərə hər zaman hazırdır. Bunu həm Fransa, həm də digər həmsədrlər bilməlidir. Amma, radikal şəkildə Fransanın və digər dövlətlərin mövqeyində dəyişiklik olacağına inanmıram”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Fikrət-Sadıqov   Fransa   Azərbaycan   XİN  





Xəbər lenti