Cocuq Mərcanlıda dini maarifləndirmə tədbiri keçirilib

Cocuq Mərcanlıda dini maarifləndirmə tədbiri keçirilib
  18 Yanvar 2018    Oxunub:1492
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
DQİDK-dən AzVision.az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə,Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Mehdixan Zeynalov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov, “Əmək” ordenli, kənd sakini Oqtay Həziyev, kənd məktəbinin direktoru Zamin Həziyev, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev, müəllimlər və icma üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan E.Piriyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib və bu, işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. E.Piriyev onu da vurğulayıb ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhlükəsizliyi tam təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi dövlət başçımızın diqqət və qayğısı nəticəsində qısa müddət bərpa olunub və kənd ərazisində abadlıq-quruculuq işləri həyata keçirilib.

Daha sonra çıxış edən C.Əlifzadə dövlətimizin gənclərə göstərdiyi qayğını xüsusi vurğulayaraq bildirib ki, gənclərin problemlərinin həlli hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. 2016-cı il aprel döyüşlərindən də danışan C.Əlfizadə vurğulayıb ki, aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir

Cocuq Mərcanlı kənd sakini, “Əmək” ordenli Oqtay Həziyev, şəhid atası Şəmil Həsənov, kənd ağsaqqalı Avçı Məmmədov, məktəbin müəllimi İsmət Həziyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə və başqaları da çıxış ediblər.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı sərəncama əsasən həyata keçirilib.

AzVision.az


Teqlər: Dini-Komitə   Cocuq-Mərcanlı  





Xəbər lenti