İki yeni hərbi zavod fəaliyyətə başlayacaq

İki yeni hərbi zavod fəaliyyətə başlayacaq
  19 Yanvar 2018    Oxunub:2290
Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2017-ci il üzrə istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.

Kollegiyanın sədri Yavər Camalov respublikada əldə olunan uğurlardan danışdı. Bildirdi ki, son illər Prezident İlham Əliyevin uzagörənliyi sayəsində həyata keçirilən uğurlu islahatlar öz bəhrəsini verməkdədir. Respublikada yürüdülən iqtisadi strategiya əsasında həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının şaxələnməsində, xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında öz müsbət təsirini göstərib.

Nazir qeyd etdi ki, 2017-ci ildə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində Müdafiə Sənayesi Nazirliyi tərəfindən bir sıra işlər görülüb. Belə ki, nazirliyin müəssisələrində Tədbirlər Planında nəzərdə tutulmuş “yeni növ müdafiə təyinatlı məmulatların istehsalının genişləndirilməsi” ilə bağlı 15 məmulat üzrə təcrübi konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Eyni zamanda, qara metal idxalının azaldılması istiqamətində görülən tədbirlər və mütərəqqi metodların tətbiqi nəticəsində qara metalın daxili bazar hesabına təmin edilməsi 12,3 faiz artırılıb.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda 2 istehsalat müəssisəsində də kompleks tamamlanma işləri başa çatdırılıb və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yaxın zamanlarda daha 2 zavodun açılışı nəzərdə tutulur.

Nazir bildirdi ki, ötən il, Silahlı Qüvvələr günü ərəfəsində Şirvan şəhərində yerləşən zavodların açılışında iştirak edən Prezident İlham Əliyevin nazirliyin yaradılması və fəaliyyəti ilə bağlı söylədiyi “Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik” fikirləri nazirliyin fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Hesabat dövründə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib. 2009-cu ildən ölkə başçısının tapşırığına əsasən sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi 2014 və 2016-cı illərdə “ADEX” adı altında Azərbaycanda keçirilən beynəlxalq müdafiə sərgilərinin təşkilatçısına çevrilib. Cari ildə “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin yüksək səviyyədə keçirilməsi üçün təşkilati işlərə başlanılıb. Sonuncu dəfə 2017-ci ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirən Müdafiə Sənayes Nazirliyinin sentyabrda Bakıda keçirləcək “ADEX-2018” sərgisində yeni məmulatlar nümayiş etdirməsi nəzərdə tutulur.

İclasda nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənildi və müəssisələrin fəaliyyətləri müzakirə edildi. Nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Nazir ölkənin müdafiə sənayesinin Prezident İlham Əliyevin hər zaman diqqətində olduğunu bir daha xatırlatdı və sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə müvafiq göstərişlər verdi.

AzVision.az


Teqlər: Müdafiə-Sənayesi-Nazirliyi   Yavər-Camalov  





Xəbər lenti