Ölümü ilə ölümsüzlük qazananlar

Ölümü ilə ölümsüzlük qazananlar
  19 Yanvar 2018    Oxunub:4576
Yeganə Kamal Cabbarlı

Hər il yanvar ayında havaya qəribə bir hüzn çökür sanki. Bu hüznü yaşadığım bütün sevinclərin içində də hiss edirəm, günəşin şöləsində, buludların kölgəsində, küləyin səsində də. Göylərdən - çox uzaqlardan bir kaman iniltisi eşidilir elə bil, bilmirəm... Bəlkə də, haradasa anaların səs-səsə verib dediyi layla sədasıdı qulağıma gələn:
Burda qar havası var,
Yağıb, qar havası var.
Anayla balasının
Ayrılıq davası var.


Bu haqda duyğulara köklənmədən danışmaq çətindir. Əslində tarixə şahidlik edən hadisələr sonsuzdur və bütün baş verən hadisələrin fonunda qalın-qalın tarix kitabları yazılır. Lakin mənə görə bütün tarixi hadisələrin fövqündə dayanan isə məhz xalqların milli azadlıq və suverenlik uğrunda apardıqları qanlı mücadilə tarixidir. Çünki vətən olmaq, dövlət olmaq milli azadlıq mücadiləsindən kənarda mümkün deyildir. Nə yaxşı ki, Azərbaycan da belə bir yoldan keçib, varlığını qoruya bildi.

Heç kimə sirr deyil ki, qədim və böyük Azərbaycanımızın sərhədləri zaman–zaman şimaldan da, cənubdan da, şərqdən və qərbdən də kəsilə-kəsilə, azala–azala kiçilərək, bugünkü hüdudlarla kifayətlənmək məcburiyyətində qalıb. Və yenə də çox təəssüf ki, uzaq keçmişdə olduğu kimi, dünən də, bu gün də Azərbaycan bir dövlət və millət olaraq eyni aqibəti yaşamağa davam edir: yenə də parçalanmaq və yenə də vəhşi caynaqlarda qalan daha bir ərazimizi itirmək təhlükəsi. Doğrudur, bu gün şükürlər olsun ki, Azərbaycan müstəqil, azad bir ölkədir və sərhədlərini qorumaq iqtidarında olan, düşmən qarşısına şərəflə çıxara biləcəyi bir orduya malikdir.

Lakin bu günə çatmaq üçün nələri fəda etmədik ki? Nə yazıq ki itirdiyimiz yenə də torpaq və bir də o torpaq uğruna baş qoyan vətən fədailəri-müqəddəs şəhidlərimiz oldu...

1990-cı ilin 20 yanvarına gedən yol indi “Dirçəliş günü” kimi qeyd elədiyimiz tarixdən - 17 noyabrdan başladı. Xalq Topxana meşəsində kəsilən iki ağacı namus məsələsi bildi və dərk elədi ki, bu, sadəcə, bir meşənin talanması deyil, həm də Azərbaycan ərazilərinə göz dikən ermənilərin bizə yeni bir meydan oxumasıdır.

Əslində torpaqlarımızın müdafıəsinə qalxmağa hesablanmış mitinqlərin paytaxt Bakıda başlamasının səbəbi, Azərbaycanın ürəyində - Dağlıq Qarabağın mərkəzi şəhəri olan Xankəndində yaşayan ermənilərin Qarabağın Ermənistana birləşdirilməsini tələb etmələri və bu məqsədlə mitinqə başlamalarına Azərbaycan xalqının cavab reaksiyası idi.

Tarixi hadisələrdən uzaqlaşdıqca onun dəyəri, anlamı bir qədər də artır. Eyni zamanda, hadisənin mənzərəsi də aydınlaşır və qiymət vermək sanki bir qədər asan olur. Keçən 28 ilin fövqündən baxdıqda isə hadisələrin görünən xəritəsi belə idi: Bir tərəfdə ermənilərin ərazi iddiaları, bir tərəfdə vətənin bütövlüyünün mübarizəsinə qalxan xalq, bir tərəfdə hakimiyyət davası, bir tərəfdə dağılmaqda olan SSRİ adlı imperiyanın narahat çırpıntıları... Bütün bunların fonunda isə Azərbaycanın parçalanmaq təhlükəsi və bunu duyan xalqın milli azadlıq mübarizəsinə qalxması...

Mənim baxış bucağımdan bu, Azərbaycanın dövlətçilik tarixində baş verən və Azərbaycanın yox olmaq təhlükəsi ilə göz-gözə qaldığı ən mürəkkəb tarıxi şərait idi. Azərbaycan xalqı həmin gün çox ağır bir sınaq qarşısında, həm də tək qalmışdı. Sonradan özlərini milli azadlıq hərəkatının aparıcıları adlandıran qüvvələrin də meydangirliyi vətən, millət, torpaq, azadlıq sevdasından deyil, vəzifə hərisliyindən, hakimiyyət eşqindən idi.
Vətən sevdalısı, azadlıq aşiqi olan isə xalq idi. Ola bilsin ki, cibi boş, yoxsul, kasıb, amma nə xoş ki, ürəyi bütöv Azərbaycan boyda sevgiylə dolu, ən böyük sərvəti mənəviyyatı olan həqiqi azərbaycanlılar...



O gün meydana axışan insanlar hər şeyə - soyuğa, aclığa, yorğunluğa rəğmən sonuna qədər, başlarına gələcəkləri gözə alaraq yalın əllə, düşmənlə üz-üzə dayandılar. Qorxmadılar, çəkinmədilər və nə də tərəddüd etmədilər. Düşünürəm ki, bu Vətən hər kəsdən, hamımızdan öncə onlarındır. Çünki onlar kor aşiqlərdir - Vətəni candan ötə bilən azadlıq sevdalılarının. Allahın insana bəxş elədiyi ən böyük əmanət candır. Vətən, torpaq üçün candan keçə bilmək isə ər işidir - ərənlikdir.

İnsan oğlundan “ən isti yer haradır” soruşsalar yəqin ki, düşünmədən “ana qucağı” deyər. Şəhidlər üçün isə ən isti qucaq Vətən torpağı, Vətənin qoynu oldu. Torpağı vətən qılan da elə torpağa tökülən şəhid qanıdır. Azərbaycan xalqının taleyinə düşən isə məhz şəhid qanı ilə yazılan bir dövlətçilik tarixinin olması xoşbəxtliyidir. Şəhid qanı ilə yazılanlarsa əbədi qalmaqla, pozulmamaqla hökmlüdür.

...Nə xoş son nəfəsdə “anam” deyib, torpağı qucaqlayanlara. Nə xoş üzünü torpağa söykəyib, son duasını torpağa pıçıldayanlara. Nə xoş al-qırmızı qanıyla torpağı gölləndirən, “Bu, mənim torpağımdır, canım fəda olsun” – deyib, Allaha səslənənlərə.

Şəhidlər Allah qatında ən üstün mərtəbədə, ən uca məqamdadırlar. Bəli! Nə xoş ölümüylə olümsüzlük qazananlara və ölümüylə ölümün özünə belə şərəf gətirənlərə. Və bir də nə xoş, torpağında şəhid qanı, başının üstündə şəhidlərin əbədi ruhu keşik çəkən bu məmləkətə ki, var olmağı bacardı. Bu azad, müstəqil Vətən şəhidlərimizin bizə ən müqəddəs əmanətidir.

Şəhid qanıyla qazanılmış azadlığı qorumaq bizlərə düşər. Hətta yenidən qandan keçmək bahasına olsa belə. Mənim 20 yanvar hadisəsi ilə bağlı fikirlərim dəyişməzdir: “Bu, hər şeyə rəğmən, Azərbaycan xalqının milli azadlıq hərəkatının qalibiyyət tarıxidir”. Hər nə qədər acılarla dolu olsa belə, hər nə qədər öz xınalı quzularını itirmiş anaların fəryadından keçib, oğul itkisindən ataların qamətini əymiş olsa belə, yenə də mübarək bir gündür. Həmin gün Azərbaycan xalqı birliyin, bərabərliyin, qardaşlığın, əzmkarlığın və ən başlıcası, özünəqayıdışın və özünütəsdiqin formulunu yazdı. Bir daha tarixdən silinməmək şərtilə!

20 yanvar günü Azərbaycan xalqı həm də mürəkkəbi şəhid qanı, ünvanı Vətən torpağı olan“Azadlıq” adlı bir dastana imza atdı. Azərbaycan xalqının milli–azadlıq mübarizəsinin son damğası, qalibiyyət nişanəsi isə qırmızı qərənfillər oldu. Həmin günə qədər qərənfillər mənim üçün anlamsız bir gül idi. Lakin daha sonra bu çiçəyi o qədər sevdim ki, indi qırmızı rəngə münasibətdə bütün müqayisələrimi qərənfil qırmızısı ilə dəyərləndirirəm. Şəhid qanıyla boyandıqdan sonra isə elə bil bir az da şirinləşdi, gözəlləşdi və dünyanın ən zərif, ən yumşaq ləçəkli və ən xəfif ətirli çiçəyi oldu qərənfil.



Həmin gün qərənfillər həm də şəhidlərimizin nəşinə sarılan bir bayrağa çevirildi. Minlərlə insan qırmızı qərənfillərə bələnmiş azadlıq mücadiləsi qəhrəmanlarını – şəhidlərimizi əllərilə başları üzərinə qaldıraraq, kilometrlərlə yol qət etdi və Bakının ən hündür bir zirvəsinə gətirərək, qərənfil qoxuyan, “Şəhidlər” adlı bir xiyaban saldı. Və elə həmin gün bu çiçək də özünə yeni bir ünvan qazandı: Azadlıq gülü, şəhid çiçəyi oldu qərənfil! Söz adamları “Ağla qərənfil, ağla”- deyə bu çiçəyi vəsf elədilər. Amma məncə həmin gün qərənfillər ağlamırdı, yox...

Həmin gün qərənfillər sadəcə Azərbaycandan dünyaya azadlıq mesaşı verən bir simvola çevirilmişdi.
Qərənfillər ağlamırdı! Yox!
Qərənfillər azadlıq buludundan yerə yağan qıpqırmızı – qan rəngində istiqlal damlalarıydı və Azərbaycan adlı bir məmləkətin üzərinə yağırdı.
Və o qərənfil yağışı elə bir gözəlliklə yağdı ki, dünya hər nə qədər özünü görməzliyə vurmaq istəsə də, qırmızı rəngə boyanmış azad ölkəni – Azərbaycanı görmək məcburiyyətində qaldı.
Həmin gündən qərənfillər hər kəs, hər bir azərbaycanlı üçün ünvanı bəlli bir nişanəyə çevirildi. İndi uşaqdan böyüyə hamı əlində tutduğu qərənfilin haranı bəzəyəcəyini gözəl bilir.

Üzünü şəhidlərimizin qanına söykəyərək həm də azadlığımızın bayram müjdəçisi olan qərənfilləri – müqəddəs ziyarətgahımızın müqəddəs çiçəyini sən də sev, əziz dost!
Sev! Lakin sadəcə bir çiçək kimi deyil, azad xalqın azad ruhunun həmişəyaşar bir nişanəsi tək. Və heç vaxt unutma, unutma ki, bir xalqın azadlıq duyğuları daim diri qalmalıdır.
Bu gün isə azadlıq mücahidlərimizin tarix yazmaqla yenidən doğulduqları müqəddəs bir gündür. Bu gün onlar hamısı bir yaşda, bir boyda, bir adda və eyni məqamdadırlar.
İnanıram, əziz dost! İnanıram ki, azadlıq aşiqlərimizi tükənməz sevgi və böyük minnət hissi ilə anarkən mənim kimi sənin də qəlbindən dodaqlarına yalnız bir nida axır - ŞƏHADƏTİN MÜBARƏK, AZƏRBAYCAN!




Teqlər: #Şəhidlər   #20-yanvar  





Xəbər lenti