Özbəkistan və Kaliforniyada 20 Yanvar anılıb - Fotolar

Özbəkistan və Kaliforniyada 20 Yanvar anılıb - Fotolar
  19 Yanvar 2018    Oxunub:4594
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, məktəblilər, jurnalistlər iştirak ediblər. Tədbir çərçivəsində Mərkəzin foyesində Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin istedadlı uşaqlarının 20 yanvar faciəsinə dair çəkdikəri rəsmlər, habelə fotoşəkillərdən ibarət sərgi təqdim edilib. İştirakçılara 20 yanvar faciəsi, şəhidlər, Azərbaycanın müstəqilliyinə aparan yol və bu hadisələr haqqında məlumat verilib. Tədbirdə öncə faciə qurbanlarının əziz xatirəsi anılıb, şamlardan “Şəhidlər unudulmadı” adlı yazı kompozisiyası hazırlanıb.

Çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 yanvar faciəsi haqqında danışaraq, bu hadisələrin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. O, ulu öndər Heydər Əliyevin xalqımıza qarşı törədilmiş bu qanlı hadisələrə öz qiymətini verməsi, Azərbaycanın müstəqilliyinə qovuşması, bu hadisələrə dövlətimiz tərəfindən siyasi qiymət verilməsi və s. barədə danışaraq, müstəqil Azərbaycanın şəhidlərin əziz xatirəsinə ən yaxşı töhvə olduğunu söyləyib.

Daha sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəsi, dosent Gülbahar Aşurova çıxış edərək Azərbaycan xalqının bu hüzn günündə bütün soydaşlarımıza başsağlığı verərək, şəhidlərin qanının yerdə qalmadığını, Azərbaycan öz istiqlalını əldə etdiyini bildirdi. Gülbahar Aşurova Özbəkistanın xalq şairi Camal Kamalın Azərbaycan şeirini söyləyib.Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kurslarının uşaqları 20 yanvar şəhidlərinə dair şeirlər oxuyublar.

Anım tədbirində faciə qurbanlarına həsr olunmuş rekviem iştirakçılara təqdim edilib. Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin xalq sənəti bölməsinin dosenti Davron Kadirovun rəhbərliyi ilə ansambl Özbək məqamlarını, ağılarını, Özbəkistan Dövlət Konservatoriyasının vokalisti Şaxistə Pirnazarova qəmli xalq türkülərini ifa ediblər. Mərasim iştirakçıları 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi nümayiş etdirilib. Tanınmış Özbək tarixçisi Şuxrat Salamovun Türküstan və Qafqazlarda erməni daşnaklarının həyata keçirdiyi qətliamlara həsr olunmuş və Daşkənddə yeni çapdan çıxmış “Müharibələr ideyası” kitabının imzaatma mərasimi olub, kitablar paylanılıb.

Eyni zamanda Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və San Dieqo-Bakı Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin nüfuzlu Tomas Cefferson Hüquq Məktəbində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirilib. Tədbiri açan San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq Qanlı Yanvar faciəsi haqqında ətraflı danışaraq, bu hadisələr zamanı Sovet İttifaqı qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O, SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmalarını böyük ədalətsizlik adlandırıb.

Sonra çıxış edən Tomas Cefferson Hüquq Məktəbinin dekanı Coan Bullok faciənin dəhşətlərindən danışaraq, bu hadisənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində önəmli rol oynadığını vurğulayıb. Baş Konsulluğun əməkdaşı Orxan Rüstəmli çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırıb. Diplomat ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək burada qətliamı kəskin şəkildə pislədiyini, törədilən bu dəhşətli cinayəti antihumanist, konstitusiyaya və hüquqazidd hərəkət adlandırdığını qeyd edib. O.Rüstəmli Azərbaycanın üzləşdiyi faciələrin 20 Yanvar ilə bitmədiyini vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs edib.

Sonra San Dieqo şəhərində fəaliyyət göstərən amerikalı jurnalist, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Kontreras çıxış edərək, 20 Yanvar hadisələrinin həmin dövrdə Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq, Azərbaycan xalqının inam və iradəsini sındlrmaq məqsədilə kommunist rejimi tərəfindən həyata keçirilən hərbi təcavüz və cinayət olduğunu diqqətə çatdırıb və bunu bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş qanlı terror aktı adlandırıb.

Sonra faciə haqqında Baş Konsulluğun hazırladığı qısa film nümayiş etdirilib. Tədbir San Dieqonun tanınmış skripkaçısı Culiya Pautsun ifasında həzin klassik musiqi əsərlərinin ifası ilə yekunlaşıb.

AzVision.az

Qalereya




Teqlər: Kaliforniya   Özəbikstan  





Xəbər lenti