“Bakcell”dən uşaqlarla bağlı layihə

  19 Yanvar 2018    Oxunub : 414
“Bakcell”dən uşaqlarla bağlı layihə

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsinə start verib.

Bu il Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlmiş bu layihənin həyata keçirilməsi üçün aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan “PwC Azərbaycan” ilə səylərini birləşdirir.



Bakcell və PwC şirkətlərinin əməkdaşlığı sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradacaq. “Biz inanırıq ki xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar cəmiyyətimizin tam hüquqlu üzvləridir. Bakcell şirkəti olaraq bu uşaqların öyrənməsi, yeni bacarıqlar əldə etməsi və hətta yaradıcılıqla məşğul olmasına imkan yaratmaq üçün əlimizdən gələni edirik. Bizim əsas məqsədlərimizdən biri də bu gözəl balalarımıza həyatda öz yerlərini tapmaqda, cəmiyyətin vacib bir hissəsinə çevrilməkdə və parlaq gələcəyə addımlar atmaqda dəstək göstərməkdir. Bu səbəbdən, sevinirik ki bu il PwC şirkəti “UAFA”nı və bu uşaqları dəstəkləmək üçün səylərimizi birləşdirmək təklifimizi böyük məmnuniyyətlə qəbul etdi. Əminəm ki, bu əməkdaşlıq nəticəsində biz daha çox uşağı sevindirməyə nail olacağıq”, - Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.



“İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi “UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır. Layihə zamanı 80 nəfərdən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirə biləcəklər.

““PwC Azərbaycan” şirkəti olaraq biz müxtəlifliyə hörmətlə yanaşır və dəyər veririk. Biz əminik ki, müxtəlif mənşəli və müxtəlif düşüncəyə malik insanları bir araya gətirərək vətəndaşlarımız və cəmiyyətimizə daha böyük dəyər bəxş etməyə nail olacağıq. Bizim Bakıdakı ofisimizdə də fiziki məhdudiyyətləri olan insanlar çalışır və bununla yanaşı biz Azərbaycanın istedadlı uşaqlar və gənclərinin inkişafı üçün əlimizdən gələni edirik”, deyə “PwC”nin idarəedici partnyoru Mövlan Paşayev bildirib.



Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərə dəvət olunub öz bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.



AzVision.az

Teqlər: Bakcell