Fədayə Laçının vəkili: "Bir həftədən sonra..."

  19 Yanvar 2018    Oxunub : 2656
Fədayə Laçının vəkili: "Bir həftədən sonra..."
Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.
Bu barədə AzVision.az-a F.Laçının vəkili Türkel Süleymanlı bildirib. O, qeyd edib ki, bir həftə sonra tədbirlər görməyə başlayacaqlar.

“Fədayə xanımın səhhətində ciddi problemlər yoxdur. Amma xroniki qaraciyər çatışmazlığı var, həbsxana rejimi səhhətinə pis təsir edir. Təəssüf ki, apellyasiya şikayətimiz təmin edilmədi, lakin bir həftədən sonra məsələ ilə bağlı növbəti addımlar atılacaq”.

Xatırladaq ki, 2017-ci ildə oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aytən Zəhra
AzVision.az

Teqlər: Fədayə-Laçın