“28 ildir o gülləni ayağımda gəzdirirəm” – 20 Yanvar şahidləri danışır (FOTOLAR+VİDEO)

  20 Yanvar 2018    Oxunub : 10257
“28 ildir o gülləni ayağımda gəzdirirəm” – 20 Yanvar şahidləri danışır (FOTOLAR+VİDEO)
Azərbaycana qarşı 70 il davam edən Sovet təcavüzü 1990-cı ilin 20 yanvar tarixində dəhşətli faciə ilə nəticələndi. 28 il öncə törədilən qətliam tariximizin xronologiyasına ən ağır cinayətlərdən biri kimi həkk olundu.
Milli azadlıq və ərazi bütövlüyü uğrunda minlərlə insan həmin gün mübarizəyə qalxdı. Nəticədə 137 günahsız insan amansızlıqla qətlə yetirildi, yüzlərlə insan yaralandı. Bakı bir anda qan gölünə döndü...

Həmin günün şahidləri qanlı gecənin dəhşətli xatirələrini 28 ildir unuda bilmirlər. Dünən olmuş kimi ürəkyanğısı ilə xatırlayır, xalqımızın başına gətirilən müsibətləri gözyaşları ilə ifadə etməyə çalışırlar.



Həmsöhbətimiz Valeh Hüseynov 20 Yanvar faciəsinin canlı şahididir. 1990-cı ildə Nəriman Nərimanov adına Tibb İnstitutunun birinci kursunda oxuyan Valeh Hüseynov tələbə yoldaşları ilə birlikdə həmin gecə meydanlara çıxaraq, silahlı rus əsgərlərinin qarşısında durub.

“Biz tələbələrlə məsləhətləşdik və barikadalar qurduq. Həmin gün hava limanından təxminən bir kilometr aralıda olan barikadada keşik çəkirdim. Anidən səhhətimdə problem yarandı, məni evə göndərdilər. Evə gələndən sonra xəbər gəldi ki, axşam ordu şəhərə girəcək. Bunu eşidib evdə dura bilmədim. Elçin adında tələbə ilə birlikdə Həsən Əliyev küçəsi ilə üzü yuxarı qalxdıq. Ağır yük maşınları yolun ortasında 3-4 sıra düzülmüşdü. Camaat isə maşınların qarşısında Sumqayıt yoluna tərəf durmuşdu. Bu zaman 3 tank gəlib yolun ortasında dayandı. Tankın üstündəki əsgərlər insanları rus dilində söyüb, təhqir edirdi. Bizə tapşırılmışdı ki, ehtiyatlı olaq, onlara təzyiq göstərməyək.



Tanklar yerlərində fırlanaraq atəş açdılar, sonra maşınları əzməyə başladılar. Saat 12-yə 15 dəqiqə qalmış vəziyyət pisləşdi. Bir anın içində işıqlı güllələr yağdırıldı. Sonra Sumqayıt yolu tərəfdən Bakıya doğru güclü işıqlar yandırıldı. İşıqlar çox güclü idi, baxmaq olmurdu. Və bundan sonra insanlara hücum başladı. Elə vəziyyət yarandı ki, heç yerə tərpənə bilmədim. “KAMAZ”ın qabaq təkərini tutub, altına girdim. Bu vaxt tank “KAMAZ”ı vurdu. Heç nə hiss etmədim. Gözümü açdım ki, 10-15 metr aralıda maşının altında qalmışam. Ayağa durmaq istədim, ancaq gördüm ki, bədənimdə hissiyat yoxdur. Sonra onlar əllərində dubinka ilə gəldilər. Kim başını qaldırırdısa, vurub öldürürdülər. İki əsgər dubinka ilə kürəyimdən vurdu, rus dilində dedilər ki, bu ölüb. Məni bir təhər sürüyüb xəstəxanaya apardılar”.



Qanlı yanvar gecəsi yaralanan Azərbayacan Neft və Kimya institutunun tələbəsi Əhədli Salman hərəkata meydan hadisələrindən qoşulmuşdu. Rasim Atakişiyev isə 20 Yanvar günü aldığı qəlpə yaralarının ağrısını indi də bədənində hiss edir.

Əhədli Salman: “İndiki Azadlıq prospektində böyük qoşunun gəldiyini görəndə, əhaliyə xəbərdarlıq etdim ki, dağılın, bunlar vəhşiləşib. Amma hamını dağıtmağa gücüm çatmırdı. Taqətdən düşmüşdüm. Rus qoşunları bizim yanımızdan keçəndə insanlar qışqırırdı ki, “sizlərə ar olsun!”. Onlar 100 metrə qədər getdilər. Sonra geri qayıdaraq bizi güllələdilər.Sağ ayağımdan güllə yarası aldım.



Hazırda o gülləni ayağımada gəzdirirəm. Tələbə dostlarımın köməyi ilə məni xəstəxanaya gətirdilər. Səhəri gün bizə dedilər ki, rus qoşunları xəstəxanaya hücum edib. Deyiblər ki, yaralıları verin, biz sağaldarıq. Amma insanlar qoymayıb. Eşitdim ki, hadisə bir neçə xəstəxanada baş verib”.

Rasim Atakişiyev: “Hamı kimi biz də vətən uğrunda hərəkata qoşulmuşduq. Rus ordusu bizi qanımıza qaltan etdi. Qəlpələr hələ də bədənimdədir. İki qabırğam qırılmışdı, başımı əzmişdilər, boynuma bıçaq soxmuşdular”.

Faciənin canlı şahidi olan Qarəhmədov Yamil hadisənin ağrısını 28 ildir ki, həm canında, həm də qəlbində yaşayır. O, həmin gecə Yanğından Mühafizə İdarəsinin Xidməti vəzifəsini yerinə yetirirmiş...



“Saat 12-yə 10 dəqiqə qalmış atışma başladı. İlk güllələrdən biri mənə dəydi. 4 qəlpə yarası aldım. Həmin günə qədər SSRİ-nin belə əzazil olacağını təsəvvürümüzə gətirməzdik”.



Rəhilə İsayeva oğlu Fəxrəddini yenicə nişanlamışdı. Xonça bəzəyib oğluna toy-busat qurmağa hazırlaşırdı. Xoş günlərin xəyalını qurub, sevincli anlar yaşıyırdı. Hardan bilərdi ki, əli qanlı ordu 20 yanvar gecəsi onun xəyyallarını da güllə-baran edəcək, oğlu Fəxrəddin İsayev Biləcərinin ilk şəhidi olacaq.



“Dəli kimi hər tərəfi gəzib, Fəxrəddini axtarırdım. Qardaşı onun meyitini xəstəxanadan tapdı. Fəxrəddin yaralıların daşınmasına kömək edərkən vurulub. Oğlum nişanlı idi. 1989-cu ilin yanvarın 21-də nişan apardıq, 1990-cı il yanvarın 22-də isə dəfn etdik...”.























Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov/ Bəxtiyar Məmmədov

AzVision.az

Teqlər: 20-Yanvar   Faciə