Apellyasiya Şurası: "Bəzən icra hakimiyyətləri əsassız qərarlar qəbul edir"

Apellyasiya Şurası: "Bəzən icra hakimiyyətləri əsassız qərarlar qəbul edir"
  22 Yanvar 2018    Oxunub:1453
“Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları hesabat ilində xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb”.
AzVision.az xəbər verir ki, AzərTac-a açıqlama verən Şuranın sədri Eldar Nuriyev bildirib ki, bəzən mərkəzi və yerli icra hakimiyyətləri, onların Apellyasiya şuraları müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırmadan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsassız qərarlar qəbul edirlər. Belə ki, sahibkarların müraciətlərinin həllinə belə münasibət son nəticədə iqtisadi inkişafa mənfi təsir göstərir, qanun pozuntularına, haqlı narazılıqlara gətirib çıxarır, şikayətlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir.

“İş adamlarının şikayətləri düzgün araşdırılmadığına görə hesabat ilində mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb. Qeyd edilən hallara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, profilaktik tədbirlərin tətbiqi dairəsinin genişləndirilməsi, şikayətlərin vaxtında və hərtərəfli araşdırılması, sahibkarların haqlı tələblərinin təmin olunması məqsədilə bütün mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarına zəruri tapşırıqlar verilib”.

Eldar nuriyev qeyd edib ki, hesabat dövründə Prezident yanında Apellyasiya Şurası tərəfindən mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının fəaliyyəti də ümumiləşdirilərək təhlil edilib: “Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində iş adamlarına hərtərəfli dəstək verilməsi, onların müraciətlərinə diqqətlə yanaşılması, hüquqlarının tutarlı qorunması məqsədilə yaradılmış Apellyasiya şuralarının fəaliyyətə başlaması, çoxpilləli nəzarət mexanizminin qurulması, hər bir qanun pozuntusuna ciddi reaksiya verilməsi işin səmərəliliyini artırmış, müraciətlərin sayının nəzərəçarpacaq dərəcədə azalmasına imkan yaradıb.

Görülmüş tədbirlər nəticəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının hesabat göstəricilərində müsbət dinamika müşahidə edilib, mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının 55,5 faizinə, yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının 83,5 faizinə sahibkarlar tərəfindən, ümumiyyətlə, şikayət verilməyib. 2016-cı ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına sahibkarlar tərəfindən verilmiş şikayətlərin sayı daha çox olub, bu göstəricilər müvafiq olaraq 50 və 58,2 faiz təşkil edib”.

AzVision.az


Teqlər: İlham-Əliyev   sahibkar   Apellyasiya-Şurası  





Xəbər lenti