Azərbaycanda uşaqlara dərman şəxsiyyət vəsiqəsilə satılacaq

  23 Yanvar 2018    Oxunub : 924
Azərbaycanda uşaqlara dərman şəxsiyyət vəsiqəsilə satılacaq
Azərbaycanda 14 yaşı tamam olmayan uşaqlara dərman vasitələri şəxsiyyət vəsiqəsi ilə satılacaq.

Bu barədə AzVision.az-a Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib. Deputat hesab edir ki, bu addım uşaqları təhlükədən qorumaq üçün nəzərdə tutulub.
“14 yaşı tamam olmayan uşaqlara dərman satılmaması doğru addımdır. Uşaqları dərman təhlükəsindən qorumaq vacibdir. Uşaqlar aldığı dərmanın əhəmiyyətini, zərərini bilməzlər və uyğun olmayan halda dərman ala bilərlər ki, bu da onlara mənfi təsir göstərər".

Deputat qeyd edib ki, müvafiq qanuna edilən dəyişiklik qüvvəyə minəndə lazımi orqanlara bunun icrası ilə bağlı göstərişlər veriləcək.

“Şübhəsiz ki, burada “Dərman vasitələri haqqında” qanuna kimlər nəzarət edirsə, onlar da qanun pozulmasına nəzarət edəcək. Səhiyyə Nazirliyinin dərman təchizatı ilə bağlı müvafiq qurumu, polis və müəyyən hallarda Vergilər Nazirliyi müəyyən nəzarət tədbirlərini həyata keçirir. Sual olunur ki, uşaqlara dərmanın satışına kim nəzarət edcək? Şübhəsiz ki, buna Səhiyyə Nazirliyinin dərman təchizatı ilə bağlı müvafiq qurumu nəzarət etsə, daha doğru olar. Həmçinin aptek şəbəkələrinin hamısına göstəriş veriləcək ki, onlar uşağın yaşının az olmasından şübhələndikdə, mütləq şəxsiyyət vəsiqəsi tələb etsinlər”.



Qeyd edək ki, Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilir. Bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.

Qanun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddəyə yeni-13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Musa-Quliyev   Dərman   Aptek   Qanun   Uşaq